Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan yevlaxlı gənclərlə görüş təşkil edilib
15-09-2020, 19:04
207

Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan yevlaxlı gənclərlə görüş təşkil edilib

Yevlaxda bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərən rayon gəncləri ilə görüş keçirilib. Görüşdə Yevlax Şəhər İcra Hakimiyyəti və rayon təhsil şöbəsinin rəhbərləri, test imtahanlarında yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər.

AZƏRTAC-a istinadan TehsilXeber.com xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Prezident İlham Əliyevin təhsilə olan diqqət və qayğısından, rayonda bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının zənginləşdirilməsindən danışıb. Ölkədə təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu da qeyd edilib.

Bildirilib ki, koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq 2019/2020-ci tədris ilində Yevlax rayonunun orta ümumtəhsil məktəblərindən ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş 582 məzundan 34-ü 500-dən, 10-u isə 600-dən yuxarı bal toplayıb.

Yevlax rayonu üzrə ən yüksək nəticəni Aran qəsəbə 2 nömrəli tam orta məktəbin məzunu Cəmil İsmayıllı (656 bal) göstərib.

Görüş iştirakçıları respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı əldə edilən nəticələrə görə bütün təhsil müəssisəsinin müəllimlərinə təşəkkür edib və yeni təhsil ilində daha yüksək nəticələr əldə etməyi, uğurlar qazanmağı arzulayıb.
0 0

Oxşar xəbərlər