MİQ-in son günündə ən yüksək nəticələri əldə edən namizədləri tanıyaq
9-09-2020, 19:03
376

MİQ-in son günündə ən yüksək nəticələri əldə edən namizədləri tanıyaq

8 sentyabrdan etibarən MİQ müsabiqəsinin test imtahan mərhələsi başa çatıb.
 
Test imtahanlarında bir çox müdavimlər yüksək nəticə əldə edərək vakant yer seçimində iştirak etmək hüququ qazanıblar.
 
AzEdu.az-a danışan müəllim namizədlər MİQ-in son günündə ən yüksək nəticələri əldə ediblər.
 
Günel Əhmədova tarix fənni üzrə 59 bal toplayıb.
 
Gəlin, onu yaxından tanıyaq:
 
“1992-ci ildə Gəncə şəhərində anadan olmuşam. 2009-2013-ci illərdə Gəncə Dövlət Universitetində bakalavr təhsili almışam. İlk dəfə idi ki,  MİQ-də iştirak edirdim.
 
Builki yenilikləri çox yaxşı qiymətləndirirəm. Səhvlərə baxmaq imkanının yaradılmağı çox yaxşı hal idi. MİQ-ə sinif kitabları, digər dərs vəsaitləri ilə hazırlaşdım. İmtahanda sanitar-epidemioloji qaydalara çox ciddi əməl olunurdu. Hər şey yüksək səviyyədə təşkil edilmişdi. İmtahan rəhbəri başda olmaqla bütün nəzarətçilərə təşəkkürümü bildirirəm.
 
Mən kursa getməyərək fərdi müəllimlərlə hazırlaşdım. Tarix müəllimim Vəfa xanım və  metodika müəllimim Pərvanə xanıma təşəkkürümü bildirirəm”.
 
Günel xanım gələcək fəaliyyətindən söz açıb:
 
“Müəllim olaraq gələcək fəaliyyətimdə şagirdlərimin Azərbaycan tarixini daha dərindən öyrədib, vətənimizi  sevdirməyə çalışacağam.
 
Məntiq imtahandan çıxarılsa da, demək olar ki, sualların əksəriyyəti  məntiqi təfəkkürə əsaslanırdı. Gələcəkdə dərslərimi tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirmək istiqamətində quracağam. Şagirdlərdə  natiqliq bacarığını stimullaşdıran üsullardan istifadə etməyi düşünürəm.
 
Fikrimcə ideal müəllim  şagirdi sevən və onları gələcəyin savadlı  şəxsiyyəti kimi yetişdirən şəxsdi.
 
MİQ-ə hazırlaşanlara  demək istəyirəm ki, qarşılarına məqsəd qoysunlar və ona nail olmaq üçün əzmlə çalışsınlar”.
 
Sevinc Rəsulova coğrafiya fənni üzrə 59 bal toplayıb:
 
“Azərbaycan Kooperasiya Universitetində 2005-2010-cu illərdə təhsil almışam. Ötən il  MİQ-də iştirak etdim, lakin nəticəm məni qane etmədi.
 
Səhv suallarımızı heç vaxt görmək şansımız olmurdu və bu  bizi çox narahat edirdi. Ona görə də builki dəyişiklikləri  çox yüksək qiymətləndirirəm.
 
Sualların səviyyəsi orta idi. Diqqət tələb edən sualları görmək mümkün idi. Məntiqi təfəkkürə yönəlik suallar çoxluq təşkil edirdi”.
 
Müsahibimiz imtahanla bağlı fikirlərini bildirib:
 
“Sanitar-epidemioloji qaydalara ciddi şəkildə əməl edildi. Yaşayış yerimə ən uyğun olan vakansiyanı seçəcəyəm.
 
Müəllim olaraq gələcək həyatımda təhsilimizin tələbinə uyğun fəaliyyət göstərməyi planlaşdırıram. Şagirdlərimizin əsl vətəndaş, şəxsiyyət kimi formalaşmasında əlimdən gələni edəcəyəm. Çünki onlar bizim gələcəyimizdir.
 
MİQ-də bir çox müəllimlərin dəstəyini aldım. Gələcəkdə şagirdlərimə müasir dövrümüzün tələblərinə uyğun üsulla dərs keçmək istəyirəm.
 
İdeal müəllim şagirdlərini hər tərəfli şəxsiyyət kimi yetişdirməlidi. O, daima özünü inkişaf etdirməlidir.
 
MİQ-ə hazırlaşanlara demək istəyirəm ki,  ixtisasınızı sevin və  əzmkar olun. Onlar qarşılarına məqsəd qoyaraq ümidlərini itirməməlidilər”.
 
Cavid Qələndərli tarix fənni üzrə 58 bal toplayıb:
 
“1996-cı ildə  Şəmkir rayon Qədimqala kəndində anadan olmuşam. 2002-ci ildə həmin kəndin Elbəyi Qasımov adına tam orta məktəbinə getmiş, 2013-cü ildə oranı bitirərək, qəbul imtahanlarında iştirak etmişəm. Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasına qəbul olundum. 2017- ci ildə universiteti bitirərək hərbi xidmətə getdim. 2019-ildə ilk dəfə Tarix ixtisası üzrə MİQ-də iştirak edərək 45 bal topladım, lakin vakant yer seçimlərində yer tuta bilmədim. Buna baxmayaraq, özüm heç bir kursa getmədən hazırlaşdım və yaxşı nəticə əldə etdim”.
 
Müəllim namizəd MİQ-lə bağlı təəssüratlarını da bizimlə bölüşür:
 
“Bu il əvvəlki illərdən fərqli olaraq məntiq sualları imtahanda yer almadı. Bunun yaxşı tərəfi ondan ibarət idi ki, imtahan iştirakçıları daha çox dərs yükündən azad olundu, həmçinin,  məntiq fənni daha çox vaxt aparırdı , bu isə iştirakçıları daha da çətin duruma salırdı.
 
Bundan əlavə imtahan sonunda səhv cavablandırdığımız sualları görmək imkanımız oldu. Bu şəffaflıq baxımdan önəmli addım oldu. İmtahanda suallar asan , orta və çətin səviyyədə  tərtib olunmuşdu. Düşünürəm ki, üzərində çalışan hər bir şəxs bu suallara asanlıqla cavab verə bilər. İmtahan öncəsi pandemiya ilə əlaqədar olaraq bir sıra önləyici tədbirlərin həyata keçirilməsi iştirakçıların sağlamlığı baxımından yaxşı hal idi. Hazırda vakant yerlərin çıxmasını səbirsizliklə gözləyirəm. Seçimlərdə əsasən rayon məktəblərini diqqətdə saxlayacağam.
 
İştirakçılara demək istəyirəm ki, heç vaxt təslim olmasınlar, ilk cəhdləri uğursuz ola bilər, lakin bu, ruhdan düşmək üçün əsas vermir”.
 
Vakant seçimində iştirak edən müəllim namizədlərə uğurlar arzulayıram.

Oxşar xəbərlər