Onun güclü qəlbi - KÖŞƏ
16-02-2021, 12:35
78

Onun güclü qəlbi - KÖŞƏ

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Səbinə Mamedova yazır.

O qadın çox möhtacdır sevgiyə. İstədiyi sadəcə saçlarına sığal çəkəcək bir əldir. Bəzən çox qəmgindir, içində fırtınalar qopur, amma o qədər güclüdür ki, özünü özü qarşısında əzmək istəmir. Yatdığı qoşa çarpayıda tək yorğana bürünür. Ürəyindəki soyuqluq və qaraltı onun bədənini “isindirir”. Çox vaxt deyinir  öz-özünə, onu heç kim anlamır, o təkdir tənhadır...
Onu anladığımı, yarasının qaysaq tutsa da, içdən qanadığını səssizcə izləyirəm və anlayıram. Əlimdən heç nə gəlmir. Bu çarəsizlik məni susmağa, göz yaşlarımı içimə axıtmağa məhkum edir. İlahi, nə qədər çətindir tənha olmaq, "qismətimdir, mənim bəxtim qara qələmlə yazılıb" demək, dəfələrlə bu bədbəxtliyə şükür etmək necə acı verir.
Atamı az yaşlarımda itirdiyim üçün nadir hallarda atam haqqında soruşuram anamdan. Mənə onun görkəmindən, xasiyyətindən, necə ölməyindən danış deyərkən, hey sözü başqa yerlərə calayır. Onun içində bir hayqırtı, bir fırtına və qəlbində atamın yoxluğu boyda boşluq var. Susmağı üstün tutur hər zaman. Mən anamı illərdir qara saçlı, qarabəxtli qadın kimi tanıdım. 
Reallıqdan uzaq düşmüş, öz xəyal aləmində yaşayan, bütün xoşbəxtliyi o aləmdə qurub, ona qarşı olunan bütün pislikləri tez unudaraq nifrətsiz yaşayan, bundan xoşbəxt olan anam. Bəzən əsəbləşirəm öz-özlüyümdə, çıx artıq bu xəyaldan, dünyanı gör, sənə olunan pislikləri gör, nifrətin artsın ”deyirəm” və peşman oluram. Axı o xəyal aləmi ilə daha xoşbəxt olur, axı onun əlindən alınmış talehi, qara bəxti öz xəyallarında göy qurşağı tək rəngarəngdir.
Bu məqaləmi isə bir az da olsa üzünün gülməsi və doğum günü münasibətilə ona həsr edirəm. Sən xoşbəxt qadın olmasan da, övladının xoşbəxtliyisən, məni tənha qoyma mənim dayağım, ANAM!
0 0

Oxşar xəbərlər