Müstəqil Azərbaycan dövlətinin tarixində Heydər Əliyev şəxsiyyətinin rolu - Müşfiq Nağıyev yazır
12-05-2021, 23:40
144

Müstəqil Azərbaycan dövlətinin tarixində Heydər Əliyev şəxsiyyətinin rolu - Müşfiq Nağıyev yazır

Tarixdə elə nadir şəxsiyyətlər olur ki, onlar yalnız zamanın gərgin və təlatümlü məqamlarında meydana çıxır, ölçüyəgəlməz bir məsuliyyəti öz üzərinə götürməkdən çəkinmirlər. Onlar bu böyük missiyanı şərəflə yerinə yetirərək "xilaskar" adını qazanırlar. Belə nadir insanlar dünya tarixində çox deyil. Onlardan biri də XX əsrdə Azərbaycan xalqının tarixinə öz adını qızıl hərflərlə yazdıran ulu öndər Heydər Əliyevdir. 

O zaman zəngin idarəçilik təcrübəsi olan ümummilli lider Heydər Əliyev Azərbaycanı ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atdı. Bu böyük şəxsiyyət dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırladı və onların icrasına nail oldu. Nəticədə 1969-1982-ci illər Sovet Azərbaycanının tarixinə ən parlaq tikinti-quruculuq illəri kimi yazıldı. Sənayə və kənd təsərrüfatının bütün sahələrində yüksəliş başlandı. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Sosial-iqtisadi inkişaf əhəmiyyətli dərəcədə yüksəldi. 
Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. İstər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, vətənin, xalqın tərəqqisində onların roluna yüksək qiymət vermişdir. Başqa sözlə deyilsə, Heydər Əliyev təlimində təhsillə tərbiyənin, mükəmməl biliklə yüksək mənəviyyatın vəhdəti son dərəcə mühüm prinsip kimi əsaslandırılmışdır. Təhsil sahəsində həyata keçirilən böyük tədbirlər təhsil siyasətinin tərkib hissəsidir. Qəbul olunmuş yeni təhsil qanunu və ona uyğun aparılan islahatlar Azərbaycan təhsilinin dünyaya inteqrasiyasına, milli və dünyəvi dəyərlər zəminində yüksəlişinə layiqincə xidmət etməkdədir. Azərbaycanda təhsilin yüksəlişi, uğurları "Təhsil millətin gələcəyidir" deyən ulu öndər Heydər Əliyevin əbədiyaşar təliminin, möhtəşəm siyasi kursunun təntənəsidir. Ulu öndərin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz dəhşətli fəlakətlərdən xilas oldu, əbədi və dönməz xarakter aldı. Məhz ümummilli liderin müdrik siyasəti ilə Azərbaycan müasir inkişaf yoluna çıxdı, dünya tarixində öz imzasını uğurla atdı. 
Ulu öndərin hakimiyyətə ikinci dəfə qayıdışı ilə ölkə daxilində vətəndaş müharibəsinin qarşısı alındı, mənfur düşmənin hücumlarının qarşısını dayandırmaq üçün atəşkəsə nail olundu.  Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi,  beynəlxalq aləmdə tanınması ulu öndər siyasətinin ana xəttini təşkil edirdi. Buna uyğun olaraq 1994-cü ilin sentyabr ayında dünyanın neft ixrac edən ölkələri ilə "Əsrin müqaviləsi"ni imzalaması dövlətimizin iqtisadi əsaslarını möhkəmləndirdi. Dünyada yaşayan azərbaycanlıları bir araya toplamaq, onlar arasında dərin bağları daha da möhkəmləndirmək üçün məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda "Dünya azərbaycanlılarının birinci qurultayı" keçirildi. 
Ümummili liderin müəyyənləşdirdiyi inkişaf kursunu hazırda onun layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyev uğurla davam etdirir. 

Müşfiq Nağıyev, 
Hacıqabul rayonu Ədalət Ağayev adına Kolsnı kənd tam orta məktəbin tarix müəllimi 




0 0

Oxşar xəbərlər