Tənqidi təfəkkür üçün 8 təlim refleksiyası
24-11-2020, 12:11
161

Tənqidi təfəkkür üçün 8 təlim refleksiyası

Tənqidi təfəkkür üçün 8 təlim refleksiyası


Aşağıdakı təlim refleksiyaları sinifdə hər bir şagird üçün yaxşı təcrübə rolunu oynayır.

Şagirdlər adətən özlərinin və həmyaşıdlarının fəaliyyətini qiymətləndirməkdə səmimi və dürüstdürlər. Şagirdləri təlim refleksiyasına və özünüqiymətləndirməyə təşviq etmək istənilən sinifdə öyrənməni başqa bir səviyyəyə çatdıra bilər.
Günün təlim fəaliyyətləri barədə refleksiya etmək şagirdlərdə aşağıdakı imkanları yaradır:
  • Fəaliyyət və seçimlərini nəzərdən keçirmək;
  • Qərarlar üzərində refleksiya etmək;
  • Yeni bilikləri nəzərdən keçirib emal etmək;
  • Müəllim əks-əlaqələrini birləşdirmək;
  • Vacib anlayışları möhkəmlətmək;
  • Gələcək öyrənmə istiqamətlərinə qərar vermək.
Tənqidi təfəkkür üçün 8 təlim refleksiyası

1. Bu gün səni nə təəccübləndirdi və nə üçün təccübləndirdi?
Öyrənmə bəzən təəccübləndirici (sözün yaxşı mənasında) olmalıdır. Müəllimləri şagirdləri ilə bağlı ən çox təəccübləndirən şey onların heç vaxt bacarmayacaqlarını düşündükləri bir şeyi nümayiş etdirmələridir. Şagirdlərinizdən bu gün nail olduqları və ya kəşf etdikləri (bu, hər hansı bir mövzu və ya özləri haqqında bir şey ola bilər) bir şey haqqında düşünməyi xahiş edin.

2. Bu gün öyrəndiyin ən vacib şey nədir və niyə belə düşünürsən?
Şagirdlərimizin öyrənmə prosesində iştirakını təmin etmək bizim üçün çox vacibdir. Əks halda, öyrənmə sadəcə müvafiq vəzifəyə çevrilir. Həm əlaqəni, həm də tədrisin daxili quruluşunu inkişaf etdirməyin sadə yolu onlara bu sualı verməkdir. Müxtəlif cavablar alacaqsınız və bu normal haldır. Hər bir şagird fərqlidir və fərqli öyrənmə tərzinə, maraq dairəsinə malikdir.

3. Nəyi daha çox öyrənmək istəyirsən və niyə?
Niyə vaxtaşırı fərqli istiqamət seçmirsiniz? Şagirdlərinizdən sonrakı addımda hansı istiqamətdə getmək istədiyini soruşun və sinif fəaliyyətlərində həmişə səmərəli vaxt keçirməyə çalışın. Maraqlanan və təlim prosesi ilə məşğul şagirdlər daha çox öyrənmək istəyirlər. Onlar üçün vacib tapşırıq və istiqamətlərə yönəlməklə maraqlarını artırın.

4. Nə vaxt daha yaradıcı olduğunu düşünürsən və niyə?
Yaradıcı olmaq müasir təlim və tədris üçün vacibdir. Çox vaxt şagirdlərdən yaradıcı vaxtları barədə soruşulmur, onlar təkcə uğur qazandıqları zaman hiss etdikləri qüruru ifadə etmək istəyirlər. Şagirdlərə bu anları yaşadın. Beləliklə, bu, onlarda ifadəli ünsiyyət vərdişlərini və sağlam özünəinamı inkişaf etdirəcək.

5. Bu gün səni nə maraqlandırdı? Maraqlandığın zaman öyrənmə prosesi səndə hansı hissləri yaradır?
Öyrənmə ömür boyu öyrənmənin bir hissəsi olan maraq oyatmaqdan ibarətdir. Maraqlandığınız zaman öyrənmə artıq bir iş və ya sadəcə yerinə yetirilməli olan bir tapşırığa çevrilmir. Mənalı kəşf və anlama üçün şüurlu, həvəsli bir axtarışa çevrilir. Maraq bilikləri faydalı və əhəmiyyətli hala gətirməyə də kömək edir, buna görə də bunu ən vacib təlim refleksiyalarınızdan biri hesab edin.

6. Bu gün ən yaxşı olduğunu düşündüyün an hansı idi və niyə?
Bu, hər yaşda öyrənən üçün təmiz hava kimi lazımdır. Təlim prosesində şagirdin yaxşı olduğunu düşündüyümüz mövzulara daha çox yönəlirik, lakin bu mövzular bizim zənn etdiyimiz kimi olmaya bilər. Şagirdlər müəllimin ağlına gəlməyən səbəblərə görə məsələyə fərqli yanaşa bilərlər. Buna görə də, onların fikirlərini öyrənmək vacibdir.

7. Təsəvvür et ki, eyni şeyi öyrənirik və sən öyrənmə üçün başqa bir şeyi seçə bilərsən. Bu, nə olardı və niyə?
Şagirdlərinizdən əldə etdiyiniz bu informasiya 3-cü sualla eyni məqsədi daşıyır (crowdsourcing - hər hansı bir işi geniş kütləyə təqdim edib qarşılığında təklif almaq prinsipidir). Məhdudiyyətləri aradan qaldırmaq və imkanları inkişaf etdirməklə, bu, onlar üçün mənalı öyrənmənin ən yaxşı yollarını yaratmağınıza kömək edir. Həmçinin şagirdlərimiz üçün öyrənmə məsuliyyətini üzərinə götürməkdə də mühüm rol oynayır.

8. Bildiklərinizlə nə edə bilərsiniz və ya etməlisiniz?
Sonda öyrəndiklərimizi həyatımıza praktiki olaraq tətbiq etmək üçün öyrənirik, əks halda bunun heç bir mənası olmaz. Şagirdlərimiz biliklərə məsuliyyətli, etik baxımdan yanaşmalı və bundan yararlana bilməlidirlər. Bu kimi təlim refleksiyaları müsbət fəaliyyət, öyrənmə və biliyin nə olduğu barədə tənqidi təfəkkür tələb edir. Şagirdlərinizə öyrətdiklərinizi ən yaxşı hansı şəkildə istifadə edə biləcəkləri barədə açıq müzakirələr aparmağa çağıra bilərsiniz. Məktəb bitdikdən sonra həyatları ilə öyrəndiklərinin necə əlaqələndiyini şəxsi, yerli və qlobal miqyasda düşünmələrinə şərait yaradın.
 

Oxşar xəbərlər