Ağdamın tanınmış pedaqoqu öz doğma yurd yerini ziyarət etdi
3-06-2021, 19:45
549

Ağdamın tanınmış pedaqoqu öz doğma yurd yerini ziyarət etdi

Ağdam rayon 110 saylı köçkün orta məktəbinin direktoru, işğaldan əvvəl Ağdam Tarix Diyarşünaslıq Muzeyinin direktoru olmuş Cəmilə xanım Qasımova bu günlərdə azad Ağdama səfər edərək, yandırılmış, talan edilmiş evlərinə baş çəkib.

Həmin səfər təəssüratlarını Cəmilə Qasımova AZADQARABAG.com saytının əməkdaşı ilə bölüşüb.
   
- Cəmilə xanım, Siz 28 ildir  ki, Ağdamın həsrəti ilə yaşayan və bu  həsrəti hər zaman sosial şəbəkələrdə öz fikirləriniz ilə dilə gətirən xanım ziyalılardansınız. Ağdam rayonunun azad olunduğu xəbərini eşidəndə hansı hissləri keçirdiniz?
- Mən Ağdamda  1993-cü ildə Ağdam Tarix Diyarşünaslıq Muzeyinin direktoru  vəzifəsində işləmişəm. O vaxt Ağdam rayon Mədəniyyət Şöbəsinə Çimnaz xanım Əliyeva rəhbərlik edirdi. Çimnaz xanımın tapşırığı əsasında Muzey işçiləri kimi cəbhədə olur, bu tarixi müharibədən gələcək nəsillər üçün materiallar toplayırdıq və elə bir əhval -ruhiyyə yaranmışdı ki, heç vaxt inanmazdıq ki, Ağdam işğal olunar! 1993-cü il 22 iyul gecə saatlarında şəhərdən çıxdıq. Səhəri gün Ağdam işğal olundu. Həmin andan zəfərimizə qədər qəlbimdə bir ümid var idi ki, bu gün, ya sabah Ağdama qayıdacağıq. Bu arzularımızla, bu inamla, Ağdamsız yaşadıq, illərimizi yola saldıq. İnanın ki,Ağdamdan çox məni Şuşa yandırırdı. Şuşa işğal olunanda elə çığırıb nalə çəkmişdim ki, bir müddət səsim batmışdı. Həm Şuşa, həm Ağdam işğaldan azad olunanda  keçirdiyim hissləri dilin gücü çatmır ifadə etməyə. Dillə ifadəsi çətin olan çox möhtəşəm bir hissdir... Təkcə onu deyə bilirəm ki, çox xoşbəxtəm!
 
- Doğma rayonunuzun işğaldan azad olunacağına inanırdınızmı, yəni doğma yurda dönmək ümidinizi heç zaman itirməmişdinizmi?
- Hər zaman inanırdım ki, mütləq o cənnətə dönəcəyik! Ta ki, Paşınyan Cıdır Düzündə yallı rəqsi oynayanadək... Düzdür ümidimi itirməmişdim, amma məndə bir məyusluq, küskünlük, qınaq yaranmışdı...

- Bu günlərdə Ağdam şəhərinə getmişdiz. Küçənizə baş çəkmisiz. Orda hansı duyğuları yaşadız?
- Ağdam zəfərindən sonra lap tez gedib Vətənimi görmək, onu yoxlamaq, ona sarılmaq, ona diz çökmək, üzümü torpağa qoyub öpmək kimi fikirlərlə tələsirdim. Ölkə Prezidentimiz, müzəffər Ordumuzun Ali Baş Komandanı minalar təmizlənənə, ərazinin təhlükəsizliyi təmin olunana qədər o yerlərə getməyin mümkünsüzlüyünü bildirdikdən sonra sakitləşsəm də, ATV kanalının  "Ağdam və mən" verilişini araya-ərsəyə gətirən telejurnalist Səadət xanımın sayəsində baş tutdu. Ona böyük minnətdarlığımı bildirirəm. Məni ən böyük arzuma çatdırdı. Mənə ağdamlı qonşumuz Rövşən Abbas: "Hazırlaş, səninlə Ağdama gedəcəyik" - deyəndə öz-özümə ağlaya-ağlaya dəfələrlə uca səslə deyirdim : " Mən Ağdama gedirəm, Allahım! Sənə gəlirəm, Vətən, ay Vətən!!!" Ürəyim elə sürətli döyünürdü  ki, sanki səsini duyurdum. Sanki qəlbim də o yerlərə qaçmaq həvəsində bir uşaq kimi çırpınırdı... Uzundərə adlanan ərazidən keçəndə ağlamaq məni tutdu... Həyəcanım daha da artdı... Şəhərə daxil olanda tanınmaz hala düşmüş yurdum məni daha çox sarsıtdı. Sanki şəhər də bizi görüb kövrəlmişdi, inildəyirdi, yumağa dönmüşdü!  Tanınmaz halda idi gözəlliklər diyarı... Əhd etmişdim ki, diz çökəcəm, öpəcəm torpağı. Diz çökdüm, öpdüm, sığal çəkdim yaralarına... Ürəyim yenə sakitləşmədi. Yollandıq Muradbəyliyə. Poçtun yanında idi öz evim... Nə poçtdan, nə də evimdən əsər-əlamət qalmışdı... Döndüm ata evimə, küçəmizin başlanğıcında Səmayə xalanın 2 iydə ağacı hələ də orada idi. Dərhal tanıdım. Onun izi ilə getdim ata evimə. Evimzdən 2 yataq otağının qoburları qalmışdı. Yavaş- Yavaş həyətə daxil oldum. 28 il bundan öncə bacımın əkdiyi süsənləri görəndə həyətə gəldim, ağladım, səsim gəldikcə çığırdım. Səadət xanımı səslədim : "Bura gəlin, görün nə tapmışam!?" Həyətimizdə vaxtı ilə nənəmin nəvələrinə -bizlərə yemək verdiyi balaca yaşıl ləyənçəni də tapmışdım.  Xatirələrim qan ağlayırdı. Evimizin inləyən divarlarına üzümü sürtüb doyunca ağladım. Allaha dua etdim : "Şükürlər olsun sənə, Allahım!"- dedim. Bizə bu sevinci yaşadan Prezidentimizə, müzəffər Ordumuza, qazilərimizə təşəkkür etdim. Şəhidlərimizin müqəddəs ruhlarına dua etdim. Allah onlara rəhmət etsin. Canların verib canlar yaşatdılar! Bu sevinc göz yaşlarımıza, qürur duyduğumuz zəfərimizə görə məhz şəhid və qazilərimizin azad torparlarımızda axıtdıqları qanlarına borcluyuq.

- Ağdamda rəhbərlik etdiyiniz muzeyə baş çəkdinizmi?
- Tarix Diyarşünaslıq Muzeyin 1991-ci ilə qədər Pənahəli Xanın imarətində fəaliyyət göstərirdi, 1992-ci ildə Ağdam Polis Şöbəsinin yanında, Mərkəzi Kitabxananın köhnə binasına köçürülmüşdü. Həmin vaxtlar ilk dəfə qrad mərmisi həmin muzeyə düşmüş, və bina yararsız vəziyyətə gəlmişdi. İndi əsər qalmamışdı o binadan. Amma İmarətdə olduq, oraya da zülm olunmuşdu... Gördüyümüz o xan çinarlardan yalnız biri qalmışdı. Xanədanən məzarlığı dağıdılmış, türbələrdən yalnız biri salamat idi. Saray ciddi xəsarət almışdı.

- Ağdamın Tarixi Qarağacı qəbristanlığına baş çəkdinizmi? Əgər baş çəkdinizsə, oradakı erməni vandalizmini bir cümlə ilə necə ifadə edə bilərsiniz?
- Düşmən təkcə dirilərlə deyil, ölülərlə də mübarizə aparırmışlar... Bizim torpaq altda yatan igidlərimiz də onları qorxuya salırmış... Bunu bir daha anladım.

- Ağdama döndükdən sonra da pedaqoji fəaliyyətinizi orada da davam etdirəcəksinizmi?
- Qismət...

- 28 il köçkünlük şəraitində yaşayan Cəmilə Qasımova Ağdama özü ilə nə aparacaq?
- Ağdamsız hədər getmiş günlərimin nisgilli xatirələrini...

- Cəmilə xanım, nisginli və sevincli bir müsahibəyə görə Sizə təşəkkür edirik. Arzu edirik ki, Ağdamsız itirdiyiniz nisgilli 28 ilin də əvəzinə azad Ağdamda uzun bir ömür yaşayasız. 

AZADQARABAG.com







3 0

Oxşar xəbərlər