Nadir İsrafilov: “Müəllimlərin dərsə hazırlıqsız gəlmələri uzun illərdir yaşanan problemdir”.
18-06-2021, 13:06
98

Nadir İsrafilov: “Müəllimlərin dərsə hazırlıqsız gəlmələri uzun illərdir yaşanan problemdir”.

TehsilXeber.com-un verdiyi məlumata görə "Son həftələrdə 24 məktəbdə monitorinq keçirilib. Məqsəd məktəblərdə hüquqi sənədləri deyil, öyrətməni ölçmək idi. Burada əsas məqsəd uşaqların məktəblərdə nə dərəcədə öyrənməsidir”. Bunu təhsil naziri Emin Əmrullayev "Facebook”da canlı yayım zamanı deyib.

O bildirib ki, bir çox halda, müəllimlərin dərsə hazırlıqsız gəlmələri, dərs prosesinin təşkilində çətinlik çəkmələri müşahidə edilib: "Monitorinqlər müəllimin əsas ehtiyacının nə olmasını öyrənməyə imkan verəcək. Monitorinqlərin nəticəsinə əsasən müəyyən təlimlər və addımların atılmasını planlaşdırırıq”.

Nazir qeyd edib ki, 24 məktəbdə keçirilən monitorinq zamanı müəllimlərin dərsə hazırlıqsız gəlmələri müəyyən edilib. Maraqlıdır, müəllimlər niyə hazırlaşmadan dərsə daxil olurlar?
 
"...onların məsuliyyət hissinin artmasına səbəb olacaq”
 
Təhsil eksperti Nadir İsrafilov bildirdi ki, müəllimlərin dərsə hazırlıqsız gəlmələri uzun illərdir yaşanan problemdir: "Sovet dönəmində belə bu məsələyə ciddi yanaşılırdı. Müəllim dərsə daxil olan kimi ondan dərsin təşkili, plan haqqında məlumat soruşulurdu. Bu səbəbdən də o vaxtlar müəllimlərin dərsə hazırlıqsız gəlmələri gündəmdə deyildi. Bir müddət keçəndən sonra müəllimlərdən tələbkarlığın azaldılması ilə bağlı çağırışların səslənməsi bu sahədə boşluqların əmələ gəlməsinə səbəb oldu. Nəzərə almaq lazımdır ki, pandemiya rejiminin bir ildən artıq davam etməsi qeyd olunan sahədə mövcud olan boşluqları daha da çoxaltdı”.N.MM

Həmsöhbətimizin sözlərinə görə, müəllimin dərsə hazırlıqsız gəlməsi pedaqoqun nümunə kimi şagirdlərin gözündən düşməsinə gətirib çıxara bilər: "Bu hal böyük bir nəslin savadsız yetişməsinə səbəb ola bilər. Ona görə də müəllimlərin işə qəbulunda diaqnostik qiymətləndirməsi yoxlanılır. Təhsil nazirinin yenidən bu məsələni gündəmə gətirməsi müəllimlərin peşəkarlığına, onların məsuliyyət hissinin artmasına səbəb olacaq. Danılmaz faktdır ki, uzun illərdir bu sahəyə lazımi diqqət yetirilməyib. Media və bəzi valideynlər tərəfindən hər hansı bir məktəbdə müəllimlərin dərsindən narazılıq olması bir neçə dəfə müzakirə olunub. Ancaq bu problem rəsmi səviyyədə gündəmə gətirilməmişdi. Hesab edirəm ki, təhsildə olan problemlərin həll olunması üçün nazirin fikir bildirməsi bu sahədə yaşananların həll olunmasına səbəb olacaq”.

0 0

Oxşar xəbərlər