Rüfət Hacıyev: ”Azərbaycan qalib ölkədir və regionda gedən bütün proseslərə nəzarət edir".
17-07-2021, 18:49
192

Rüfət Hacıyev: ”Azərbaycan qalib ölkədir və regionda gedən bütün proseslərə nəzarət edir".

TehsilXeber.com-“Bu gün Şanlı Ordumuzun torpaqlarımızı işğaldan azad edərək ölkənin ərazi bütövlüyünü təmin etməsi faktı da daxil olmaqla, Azərbaycanın son illər ərzində əldə etdiyi bütün müstəsna uğur və nailiyyətlər birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin illərdən bəri yürütdüyü məqsədyönlü, müdrik daxili və xarici siyasətin nəticəsidir. Məhz bu siyasətin sayəsində bu gün işğalçı Ermənistan rejimi öz acizliyi ilə üz-üzə qalıb və hətta onun dünyadakı bəzi havadarları belə bu rejimi düşdüyü durumdan çıxarmaq üçün heç bir tədbir görə bilmirlər. Məhz dövlət başçımızın yürütdüyü siyasətin nəticəsində Azərbaycan artıq Cənubi Qafqazda yaranmış yeni reallıqların müəllifi kimi, bütün regional məsələlərlə bağlı öz şərtlərini diqtə edəcək bir mövqeyə sahib ola bilmişdir.”
Bu sözləri Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev “Azərbaycan İnformasiya Agentliyi”nə (AİA.Az) verdiyi müsahibəsində deyib.
Rüfət Hacıyev ilk növbədə belə bir məqamı vurğulayıb ki, Azərbaycanın Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəsi 2003-cü ildən hərbi əməliyyatların başlandığı günə qədər Prezident İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilmiş əsaslı hazırlıq işləri sayəsində təmin edilib: “Ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəldiyi tarixi 2003-cü ildən Vətən müharibəsinin başlandığı günə qədər keçən 17 il mahiyyət etibarı ilə Azərbaycanın bu möhtəşəm Qələbəsini təmin etməyə yönəldilmiş böyük bir hazırlıq dövrü idi. Məhz bu dövr ərzində dövlətimizin başçısı tərəfindən həyata keçirilmiş işlərin nəticəsində Vətən müharibəsində əldə etdiyimiz Qələbə tam, möhtəşəm və ən əsası da minimal itkilərlə başa gəlmiş oldu. Bütün bu dövr ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev daima deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. Az qala bütün dünya deyirdi ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Hətta beynəlxalq təşkilatlar çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Yalnız Prezident İlham Əliyevin siyasi iradəsi buna yol vermədi. 17 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Əlbəttə ki, güclü ordunun yaradılması güclü iqtisadiyyat tələb edir. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. 2005-ci ilə qədər Azərbaycan üçün əsas hüquqi bazanın yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri olduğu halda, 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası uzun müzakirələrdən sonra ölkəmizi qane edən qətnamə qəbul etdi. Ardınca BMT Baş Assambleyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri buna oxşar qərar və qətnamələr qəbul etdilər. Bütün bunlarla yanaşı isə münaqişənin həlli üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu. Bu, həqiqətən də əsl tarixi nailiyyətdir. Xalqımızın çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə hələ əldə olunmamışdı.”
Daha sonra Rüfət Hacıyev bunu da deyib ki, əgər Ermənistan hökuməti öz xalqını bundan sonra daha böyük fəlakətlərə düçar etmək istəmirsə, hətta ölkənin bir dövlət kimi mövcudiyyətini təhlükə qarşısına qoymaq istəmirsə o zaman yaranmış yeni reallıqları birmənalı qəbul etməli və ilk növbədə öz qonşuları ilə normal münasibətlər formalaşdırmağa səy göstərməlidir: “Bu gün artıq Azərbaycan qalib, Ermənistan isə məğlub ölkədir. Bu, yaranmış yeni reallıqların ayrılmaz bir parçasıdır. Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra daha da güclənəcək. O cümlədən bizim hərbi gücümüz artacaq. Ermənistanın isə, nəinki hərbi gücünü və məhv edilmiş ordusunu bərpa etmək imkanı, hətta sadəcə iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Buna görə də Ermənistan rəhbərliyi vəziyyəti düzgün qiymətləndirməli və Dəmir yumruğun növbəti zərbəsinə öz ölkəsini məruz qoymamaq üçün ciddi cəhdlər göstərməlidir. Əslində Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar Ermənistan üçün də tarixi bir şans kimi dəyərləndirilməlidir. Əgər bu ölkə özünün heç zaman gerçəkləşməyəcək ideyalarından, qonşu ölkələrə, qonşu xalqlara qarşı əsassız ərazi iddialarından əl çəkə bilsə, bu zaman onun da yeni iqtisadi əməkdaşlıq formatlarına qatılması müzakirə mövzusu ola bilər. Bu isə Ermənistan üçün indiyədək görünməmiş tarixi şansdır. Əks halda isə, Ermənistanın ümumiyyətlə bir ölkə kimi mövcudiyyəti sual altına düşə bilər. Bu gün artıq ötən əsrin 90-cı illərinin əvvəli deyil. Azərbaycan öz ərazi bütövlüyünü öz gücünə bərpa etmiş, bununla da hərbi qüdrətini bütün dünyaya nümayiş etdirmiş güclü bir dövlətdir. Azərbaycan qalib ölkədir və regionda gedən bütün proseslərə nəzarət edir. Bununla barışmaq istəməyənlər isə yalnız özlərini arzuolunmaz vəziyyətə sala bilərlər.”Nigar.MM(Əlimirzəyeva)
0 0

Oxşar xəbərlər