2020-ci təqvim ili rəqəmlərdə
2-01-2021, 11:33
407

2020-ci təqvim ili rəqəmlərdə


Məktəbəqədər və ümumi təhsil
 
166 minədək uşaq birinci sinfə gedib
2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçirilib. Tədris ilində birinci siniflərə 165 511 uşaq qəbul edilib.
 
Ölkə üzrə 104 min uşaq məktəbəhazırlığa cəlb edilib
2020-2021-ci tədris ilində ölkə üzrə ümumilikdə 6577 məktəbəhazırlıq qrupuna 104 min uşaq cəlb olunub. Məktəbəhazırlıq qruplarına qəbul https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilib. 
 
İcma əsaslı məktəbəqədər təhsil qrupları
Ölkə üzrə 50 rayon və şəhərdə təşkil edilən, ümumi sayı 500-ə çatan icma əsaslı məktəbəqədər təhsil qruplarında 9207 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib. Pandemiya dövründə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə “Mədəniyyət” kanalında “Oynayırıq və öyrənirik” adlı teledərslər nümayiş olunub.
 
Heydər Əliyev Fondu tərəfindən 62 təhsil müəssisəsi istifadəyə verilib
2020-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. 2020-ci ildə Təhsil Nazirliyi tərəfindən 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb.  
 
339 adda 7233214 nüsxə dərslik və metodik vəsait
2020-ci ildə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7233214 nüsxə dərslik və metodik vəsait çap edilib. 2020-2021-ci tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib. Dərsliklər sırasında I sinif “Azərbaycan dili (tədris dili)”, I sinif  "Riyaziyyat”, I sinif “Azərbaycan dili (dövlət dili)” fənni üzrə dərsliklər yer alır. Yeni dərsliklər sırasında "Macmillan" Nəşriyyatının “İngilis dili” fənni üzrə 1-ci siniflər üçün hazırladığı “Happy Campers” dərsliyi də var. Yeni dərsliklərin hazırlanmasında dünya ölkələrinin kurikulumları araşdırılıb, beynəlxalq qiymətləndirmə tədqiqatları öyrənilib.
 
Dərsliklərin təkmilləşdirilməsi üzrə Sinqapur şirkəti ilə əməkdaşlıq
Təhsil Nazirliyi Sinqapurun təhsil sahəsindəki nailiyyətlərini nəzərə alaraq, bu ölkənin “Alston” Nəşriyyat Evi ilə uzunmüddətli əməkdaşlığa imza atıb. Məqsəd təcrübə mübadiləsi etmək, təbiət fənləri üzrə təhsil proqramlarını, habelə dərslik komplektlərini təkmilləşdirməkdir. Layihə Təhsil İnstitutu tərəfindən icra olunur.
 
Teledərslərin yayımı həyata keçirilib
 “COVID-19” pandemiyası ilə əlaqədar ümumi təhsil müəssisələrinin şagirdləri üçün 11 mart 2020-ci il tarixindən etibarən şənbə və bazar günləri istisna olmaqla, hər gün 5-6 saat  “Mədəniyyət” və “ARB Günəş” telekanalları üzərindən “Dərs vaxtı” verilişi yayımlanıb, ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olunub. Həmçinin cari ilin 25 aprel tarixindən hər həftənin şənbə günləri məktəbdənkənar fəaliyyət üzrə “Dərsdən sonra” verilişinin yayımına start verilib.
 
"Dərs vaxtı"nın 6000-ci buraxılışı efirə gedib
Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin yeni tədris ilində 6000-ci buraxılışı efirə gedib. "Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən, eyni zamanda videodərslər portalından da (https://video.edu.az/) izləmək imkanı əldə ediblər.
 
"Virtual məktəb" – Ən iri milli platforma
Aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilib. 2020-ci  təqvim ilinin sonlarına doğru platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 426 721, müəllimlərin sayı 127 550, aktiv istifadəçi sayı 1 123 126 təşkil edib.
 
“Virtual məktəb”lə bağlı 146-4 "Qaynar xətt" xidməti
Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsi ilə bağlı 146-4 "Qaynar xətt" xidməti istifadəyə verilib. Əsas məqsəd "Virtual məktəb"lə bağlı vətəndaşlara xidmət göstərilməsi, daxil olan vətəndaş müraciətlərinin qısa zamanda emalı və vətəndaş məmnuniyyətinin təmin edilməsidir.

Beynəlxalq fənn olimpiadalarında yüksək nəticə
2020-ci ildə Azərbaycan məktəbliləri ümumilikdə 19 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək 6 qızıl, 16 gümüş, 41 bürünc medal və 15 həvəsləndirici mükafat olmaqla ümumilikdə 63 medal əldə ediblər.
 
Azərbaycan təhsil platforması YUNESKO-nun rəsmi siyahısında
Pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması YUNESKO-nun rəsmi saytında təqdim edilən siyahıda yer alıb. Dünyada “COVID-19” pandemiyasının yayılması ilə əlaqədar YUNESKO-nun rəsmi saytında şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə distant təhsil platformaları, elektron portallar və təlim tətbiqlərinin siyahısı təqdim edilib. Ölkəmizdə tətbiq edilən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platforması da bu siyahıya daxil edilib.

“Məktəblinin dostu”nun əhatə dairəsi genişləndirilib
2020-ci ildə “Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib. Hazırda layihə Bakı şəhəri üzrə 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsində olmaqla ümumilikdə 226 müəssisədə fəaliyyət göstərir. Layihə üzrə hazırda 400 əməkdaş çalışır. Layihə ümumilikdə 400 minə yaxın şagirdi əhatə edir.
"Rəqəmsal bacarıqlar" layihəsinin tətbiqi genişləndirilib
Təhsil Nazirliyinin "İnformatika" fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqi uğurla davam etdirilib. Layihə hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki şəhər və rayonları üzrə 222 məktəbi və 100 mindən çox şagirdi əhatə edir.
 
 1035 müəllim müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb
Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş müsabiqə əsasında müddətli müqavilə ilə işə qəbul olunmuş müəllimlərin daimi əsaslarla işə qəbul edilməsi üçün elektron müsabiqə və onlayn müsahibələr təşkil edilib. Müsahibələrdə iştirak etmiş 1228 namizəddən 1035 nəfəri uğur qazanaraq müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb.
 
1565 müəllim iş yerini dəyişib
Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələrinə əsasən, 1565 nəfərin iş yerinin dəyişdirilməsinə razılıq verilib.
 
Müəllimlər üçün təlimlər
Pandemiya dövründə müəllimlərin ixtisasının artırılması, məzmunun uyğunlaşdırılması, təhsilalanların motivasiyasının artırılması istiqamətində "Virtual məktəb” layihəsi çərçivəsində 25 min müəllim üçün onlayn təlimlər təşkil edilib.
 
 52 nəfər direktor vəzifəsinə təyin edilib
2019-cu ilin iyul ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsinin nəticələrinə əsasən, uğur qazanmış və ehtiyat kadr siyahısında olan daha 52 nəfər direktor vəzifəsinə təyin edilib. Bununla da, 2019-2020-ci illərdə müsabiqədə uğur qazanaraq direktor vəzifəsinə təyin olunan şəxslərin sayı 433 nəfərə çatıb.
 
Məktəbdənkənar fəaliyyət
Pandemiya dövründə Təhsil Nazirliyi tərəfindən məktəbdənkənar təhsil müəssisələrinin qrup və dərnəklərinə cəlb edilən məktəblilər üçün dərs cədvəlinə uyğun olaraq start verilən onlayn dərslərdə 27 idman növü və 103 dərnək üzrə 25 min nəfərə yaxın qrup və dərnək üzvü, 1500-dən çox müəllim iştirak edib. 
 
 Şagirdlərimiz ABŞ-ın nüfuzlu ISEF müsabiqəsinin finalçıları olublar
“Sabahın alimləri” IX Respublika müsabiqəsinin qalibləri sırasından seçilmiş şagirdlərimiz onlayn şəkildə keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (İSEF – İnternational Science and Engineering Fair) müvəffəqiyyət əldə ediblər.
 
Şagirdlərimizin TIMSS 2019 nəticələri
Azərbaycanlı şagirdlər TIMSS 2019 – Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirməsində riyaziyyat üzrə uğurlu nəticələr əldə edib. Şagirdlərimiz 515 balla bu istiqamətdə tədqiqatda iştirak edən 58 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Bu nəticə ilə Azərbaycan regionda ən yüksək nəticə göstərən ölkə sayılır.
 
IV qrant müsabiqəsinin qalibləri
Təhsil Nazirliyi tərəfindən təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi keçirilib. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 47, fərdi kateqoriya üzrə 136 layihə barədə müsbət qərar qəbul edilib. Müsbət qərar verilən 183 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.
 
Yeni təmayüllü liseylər
2020-2021-ci tədris ilindən Gəncə, Şirvan, Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında 5 yeni lisey fəaliyyətə başlayıb. Belə ki, Gəncə şəhəri və Quba rayonunda Fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda isə Kimya-biologiya təmayüllü Respublika liseyi təşkil olunub.
 
"Qarabağın məşhur müəllimləri" layihəsi
Təhsil Nazirliyi "Qarabağın məşhur müəllimləri" adlı yeni layihəyə start verib. Layihə çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunub.
 
 Peşə təhsili
 
Peşə təhsili müəssisələrinə qəbul
2020-2021-ci tədris ilində 120 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul aparılıb. 14 mindən çox şəxs peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən il ilə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27 faiz artım müşahidə olunub.
 
İlk dəfə olaraq peşə təhsil müəssisələrinə qəbul elektron qaydada aparılıb
2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul ilk dəfə olaraq elektron qaydada iki mərhələli şəkildə aparılıb. Elektron müraciətlər http://qebul.vet.edu.az/ saytı üzərindən ünvanlanıb.
 
Britaniyanın Plimut İncəsənət kolleci ilə əməkdaşlığa başlanılıb
Britaniya Şurası Peşə Təhsili üzrə Dövlət Agentliyinin də benefisiarı olduğu “Crafting Future” adlı regional proqrama başlayıb. Proqram tətbiqi sənət, sənətkarlığın dəstəklənməsi, eləcə də inkişafına istiqamətlənmiş aktual tədqiqat və maarifləndirmə təşəbbüslərini özündə ehtiva edir.
 
Peşə ixtisası üzrə dərsliklər artıq elektron formatda
Peşə ixtisasları üzrə dərsliklər e-derslik.edu.az portalında elektron formatda yerləşdirilib. 39 ixtisas üzrə 193 dərsliyin yer aldığı platformada tədris vəsaitlərini onlayn oxumaq və yükləmək imkanı yaradılıb.
 
Peşə sahəsi üzrə teledərslər
Pandemiya dövründə peşə təhsili və təlimi sistemində təhsilalanların tədris prosesində iştirakını təmin etmək üçün “Mədəniyyət” və “ARB Günəş” telekanallarında  həftədə iki dəfə olmaqla teledərslər yayımlanıb. Bu təşəbbüslərlə yanaşı, Peşə Təhsili üzrə Dövlət Agentliyi öyrənmə nəticələrinin qiymətləndirilməsi vasitələrinin hazırlanmasına və seçilmiş peşələr üzrə tam onlayn mənbələrin (video dərslər və mətnlər daxil olmaqla) tərcüməsinə də başlayıb.

Peşə sahəsində onlayn karyera təlimləri
Peşə təhsili müəssisələrinin tələbələri üçün karyera üzrə onlayn təlim sessiyaları təşkil edilib. Onlayn təlim sessiyalarında Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin 100-dən çox tələbəsi ilə yanaşı müəllimləri də iştirak edib. Karyera təlim proqramının davamlılığı nəzərdə tutulur.
 
Azərbaycanın “World Skills International” və “World Skills Asia” təşkilatlarına üzvlüyü təsdiq edilib
“World Skills International” (WSI) təşkilatının Ümumi yığıncağında Azərbaycanın WSI təşkilatına 85-ci üzv kimi qəbul edilməsi  təsdiq olunub. “World Skills International” dünyada peşə bacarıqlarını təbliğ edən və peşələrin olimpiadası kimi tanınan beynəlxalq bir təşkilatdır.
 
Peşə təhsili müəssisəsində tibbi maska istehsalı
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Save Tekstil” MMC ilə birgə tibbi maska istehsalına başlayıb. İstehsal müəssisəsinə müvafiq ixtisaslar üzrə təhsil alan 20-yə yaxın Peşə Təhsil Mərkəzinin məzunu cəlb edilib.
 
Peşə təhsili sahəsində Avropa İttifaqı ilə yeni layihə
Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Təhsil Nazirliyi Azərbaycanda peşə təhsili və təlimi sistemində keyfiyyətli kadr hazırlığına dəstək və bu təhsil pilləsinin nüfuzunun artırılması məqsədilə  yeni layihəyə başlayıb.
 
Yüksək texniki peşə təhsili səviyyəsinin tədrisinə başlanılıb
2020-ci tədris ilindən etibarən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 2 ixtisas üzrə yüksək texniki peşə - subbakalavr səviyyəsi üzrə tədrisə başlanılıb. Təhsil müddəti 3 il olan bu tədris proqramları üzrə təhsil alan tələbələr subbakalavr peşə-ixtisas dərəcəsi alacaq və müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququ əldə edəcəklər.
 
Müəllimlərin işə qəbulu elektron qaydada təşkil olunub
İlk dəfə olaraq, peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu elektron qaydada https://portal.edu.az/ elektron müraciət portalı üzərindən baş tutub. Qəbul ümumtəhsil fənn müəllimi, ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vakansiyaları üzrə aparılıb.
 
4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu qazanıb
2020-ci il ərzində 4 peşə təhsil müəssisəsi publik hüquqi şəxs statusu qazanıb. Publik hüquqi şəxs statusu əldə edən müəssisələr arasında “Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”, “Texnika və Texnologiylar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”, “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” və “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Mərkəzi” yer alıb.
 
Ali təhsil və elm
 
102 tələbə Prezident təqaüdünə layiq görülüb
2020-2021-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və yerli ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbə Prezident təqaüdünə layiq görülüb.

Xaricdə doktorantura proqramı
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycanın sosial iqtisadi inkişafı üzrə müəyyən olunmuş prioritet ixtisas sahələri üzrə ildə 2 dəfə proqrama sənəd qəbulu həyata keçirilir. 2019-cu ilin noyabr ayında keçirilən ilk qəbuldan 34 doktorant, 2020-ci ilin iyun ayında baş tutan ikinci qəbuldan isə 23 doktorant prioritet ixtisas istiqamətləri üzrə dövlət hesabına dünyanın 500 ən yaxşı universiteti siyahısında olan aparıcı elm mərkəzlərində təhsil almaq hüququ qazanıb.

İkili diplom proqramları haqqında
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 3 beynəlxalq ikili diplom proqramı təsis olunub. Hazırda ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsil ixtisası” istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı (hazırda təhsil alan tələbə sayı-25), ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADA Universitetinin “Kompüter elmləri və verilənlərin təhlili” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı (hazırda təhsil alan tələbə sayı-20), Koreya Respublikasının İnha Universiteti ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı (hazırda təhsil alan tələbə sayı-96) həyata keçirilməkdədir.
 Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin “aqrar elmlər” ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramının təsis olunması istiqamətində danışıqlar davam edir.
 
Hökumətlərarası Təqaüd Proqramlarına dair internet səhifəsi istifadəyə verilib
Hökumətlərarası Təqaüd Proqramlarına (HTP) dair internet səhifəsi (http://htp.edu.az) istifadəyə verilib. Məqsəd ictimaiyyətin HTP çərçivəsində müxtəlif ölkələr üzrə təhsilin müxtəlif səviyyələrində təqaüd proqramları ilə bağlı düzgün və mütəmadi məlumatlandırılmasını təmin etməkdir. 
 
232 nəfər xaricdə təhsil almaq hüququ qazanıb
2019-2020-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 193, Çində 20, Rumıniyada 5, Rusiya Federasiyasında 3, Latviyada 8, Qazaxıstanda 3, ümumilikdə isə 232 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
 
89 ölkədən 6500-ə yaxın əcnəbi tələbə
2020-2021-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində 89 ölkədən 6500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Türkmənistan, Hindistan, Pakistan və digər ölkələri təmsil edir.
 
Həssas qruplardan olan tələbələrə dəstək
Pandemiya dövründə Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı qəbul edilib. Qərar 30 mindən artıq tələbəni əhatə edib. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.
 
Tələbələr üçün yeni onlayn imkan
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi - http://e-telebe.edu.az portalı istifadəyə verilib.
 
15 900 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib
2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 24 147 tələbə e-telebe.edu.az portalına müraciət edib. Onlardan 15 900 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib.
 
Tələbələrin köçürülməsinin nəticələri
2020-ci ildə tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi həyata keçirilib. Transfer.edu.az portalı vasitəsilə ali təhsil üzrə 2625, orta ixtisas təhsili üzrə 423 nəfər olmaqla 3048 tələbənin müraciəti təmin olunub.

Tələbələr üçün distant təhsil imkanı
 Pandemiya dövründə təhsil proqramlarının mənimsənilməsinin təmin edilməsi məqsədilə Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, ali və orta ixtisas təhsili müəssisələrində müxtəlif onlayn platformalar üzərindən dərslərin təşkilinə başlanılıb. Həmin dərslərə 100 mindən artıq tələbə və professor-müəllim heyəti qoşulub. Həmçinin onlayn dərslərə qoşulmaq üçün lazımi şəraiti olmayan müəllim və tələbələrin faydalanmaları üçün 17 region üzrə 28 məktəbdə internet-kompüter mərkəzləri yaradılıb.
 
Magistraturaya qəbulda dəyişiklik
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib. Dəyişikliyə əsasən, magistraturaya qəbul imtahanı yalnız bir mərhələli olacaq. İmtahan Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.
 
805 nəfər SABAH tələbəsi adını qazanıb
2020-2021-ci tədris ili üzrə ölkənin 10 baza ali təhsil müəssisəsinin SABAH qruplarına tələbə seçimi aparılıb. Dövlət İmtahan Mərkəzi tərəfindən avqust ayında pandemiya şəraitinin tələblərinə uyğun keçirilmiş müsabiqənin nəticələrinə əsasən, 805 tələbə 29 ixtisas üzrə SABAH tələbəsi adını qazanıb. 2020-ci ildə 832 SABAH tələbəsi məzun olub.
 
UFAZ-da magistratura proqramının təqdimatı olub
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 2020-2021-ci tədris ilindən etibarən magistratura proqramı fəaliyyətə başlayıb. Cari ildə sözügedən magistratura proqramına 80 tələbə qəbul olub. 2020-ci ildə UFAZ-ın 125 tələbəsi məzun olub.
 
Qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması
İlk dəfə olaraq qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə sertifikatlar təqdim olunub. Bu proses nəticə olaraq özünütəhsil yolu ilə biliklərə yiyələnmiş (informal təhsil) və müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə təlim keçmiş (qeyri-formal təhsil) vətəndaşlarımıza təhsillərini davam etdirmək (peşə təhsili pilləsinin növbəti səviyyəsində) və ya ixtisasları üzrə əmək fəaliyyətinə başlamaq hüququnun verilməsinə xidmət edəcək.
 
Xarici ali təhsil sahəsində ixtisasların tanınması və nostrifikasiyası qaydalarında dəyişiklik
Nazirlər Kabinetinin 2020-ci il 21 sentyabr tarixli müvafiq Qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda dəyişiklik edilib. Dəyişikliyə əsasən, xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) sahəsində göstərilən xidmətlərə görə dövlət rüsumunun ödənilməsi ləğv olunub və Nazirlər Kabineti tərəfindən müəyyən edilməli olan məbləğdə xidmət haqqı ilə əvəzlənib. 
 
Azərbaycanın 2 universiteti dünya reytinqində
Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher Education" (THE) 2020-ci il üçün BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə (SDG) əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyən edən “THE University Impact Rankings 2020” reytinq cədvəlini açıqlayıb.  Dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə ölçən bu reytinqdə Azərbaycanın 2 ali təhsil müəssisəsi də yer alıb. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Xəzər Universiteti 601+ aralığında  qərarlaşıblar.
 
Niderlandın “Elsevier” korporasiyası arasında Niyyət Protokolu imzalanıb
Təhsil Nazirliyi ilə dünyanın aparıcı elmi-analitika şirkəti olan Niderlandın “Elsevier” korporasiyası arasında Niyyət Protokolu imzalanıb. Protokolun imzalanmasında əsas məqsəd Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq elmi məlumat bazalarına çıxışının genişləndirilməsi, beynəlxalq elmi nəşrlərin sayının artırılması, nəşr olunan elmi məqalə və jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır.
 
Azərbaycanın 3 şəhəri YUNESKO-nun təhsil şəbəkəsində
Azərbaycanın 3 şəhəri – Bakı, Gəncə və Qəbələ YUNESKO-nun həyatboyu təhsil sahəsində aparıcı qurumu olan Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəyə üzv seçilib. Şəhərlərimizin qeyd olunan şəbəkəyə üzv olmaq prosesi YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının Daimi Katibliyinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi, YUNESKO yanında Daimi Nümayəndəliyimiz və aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilib.
 
Web of Science elmi bazasında 953 məqalə qeydə alınıb
 “Clarivate Analytics” şirkəti ilə əməkdaşlıq çərçivəsində 2020-ci ildə də alimlərimizin publikasiya fəallığı qorunub. 2020-ci il üzrə də ilkin olaraq bazaya yerləşdirilən nəşrlərə əsaslanaraq Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında lider olduğunu bir daha söyləmək olar. Belə ki, Azərbaycanda son aylar ərzində 816, Gürcüstanda 673, Ermənistanda isə 643 elmi publikasiya nəşr edilib. Web of Science elmi bazasında ümumilikdə ali təhsil müəssisələri tərəfindən 953 məqalə qeydə alınıb. Bu, son 5 ildə 3 dəfədən çox artım deməkdir.
0 0

Oxşar xəbərlər