Deputatdan “Tərtər işi” ilə bağlı Qurban Məmmədova və digərlərinə cavab: “Nə xəyanət edənlər, nə də işgəncə verənlər cəzasız qalacaq”
7-04-2021, 11:39
42

Deputatdan “Tərtər işi” ilə bağlı Qurban Məmmədova və digərlərinə cavab: “Nə xəyanət edənlər, nə də işgəncə verənlər cəzasız qalacaq”

“Hüquqşunas olsam da, xeyli müddət məhkəmə sistemində işləsəm də, “Tərtər işi” adlanan işlə bağlı müsahibə, reaksiya  verməmişəm. Çünki hədsiz həssas bir məsələ olub. Təbii ki, reaksiya verməmək də olmur. Bu məsələ məndə xeyli  narahatlıq yaradır. Məsələn, Qurban Məmmədov və digərlərinin timsalında, sanki, istintaq aparırlar və xaricdə yaşadıqlarına görə məsuliyyətdən kənarda qalırlar. Təəssüf ki, Azərbaycanın daxilində də elə reaksiyalar verilir ki, bu da “Dövlət sirri haqqında” qanuna ziddir, “Hərbi və dövlət sirrini ehtiva edən materiallar”a toxunur”.
 
Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-1993-cü illərdə sədri olmuş, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.
 
T.Kərimlinin sözlərinə görə, ermənilər və digər düşmənlər bundan Azərbaycan dövləti əlehinə fəal şəkildə istifadə edirlər: “Əlbəttə, bəyan edirəm ki, hər hansı hüquqazidd hərəkətlər, o cümlədən işgəncələr baş veribsə, bunun istintaqı aparılmalı, məhkəmədə həmin insanlar məsuliyyətə cəlb olunmalı, barələrində ittiham hökmü çıxarılmalıdır. Buna heç bir şübhə yoxdur. İstintaq və məhkəmə də edilib. Bu məsələdən bəhs edən zaman çox ehtiyatlı olmaq lazımdır. Biz ilk dəfə bu məsələ ilə 2017-ci ilin may ayında tanış olduq. Respublikanın Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi birgə bəyanat verdi və məlum oldu ki, bir qrup Azərbaycan Respublikası Silahlı qüvvələrinin  hərbi xidmətçiləri erməni xüsusi xidmət orqanlarına casusluq ediblər. Bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi açılıb. Sovet dövründə bu maddəyə “Vətənə xəyanət “deyirdilər, sonradan “dövlətə xəyanət “adlandırıldı. Biz bilirik ki, bunun üçün istintaq gedib və məhkəmə hökmü də çıxarılıb. Məsələnin 4 il sonra belə aktuallıqla ortaya çıxarılması özü təəccüblüdür. İzlədiyim qədər o zaman dərhal istintaq qrupu yaradılıb, hərbi prokuror hadisə yerinə gedib. Hətta xəsarətə məruz qalanların müalicəsi üçün tibb heyəti dəvət edilərək, xeyli insanın sağalmasına nail olunub. Təbii ki, may ayında artıq rəsmi cinayət işi də başlanılıb. Xeyli insan da məsuliyyətə cəlb olunub. Müxtəlif məhkəmə prosesləri gedib. Səhv etmirəmsə, 2019-cu ilin yanvarında Tərtər Hərbi Məhkəməsi də hökm çıxarıb. Bu hökmdə təkcə hərbçilər deyil, bir sıra mülki şəxslər də məsuliyyətə cəlb olunub. Şübhə yoxdur ki, həqiqətən Azərbaycan Respublikasının bir qrup hərbçisi Ermənistana casusluq ediblər. Xüsusən, o vaxtlara təsadüf edirdi ki, 2016-cı ilin Aprel hadisələrində uğurlu əməliyyat keçirilmişdi. Ondan sonra bu məsələlər gündəmə gəlmişdi. Təxribat xarakterli hadisələr, hətta həm cəbhə zonasında, Bakıda və digər yerlərdə çox ciddi təxribatlar hazırlanırdı. Ermənistan xüsusi xidmət orqanları çox aktiv şəkildə bu insanlarla işləyib. Yəni bunu heç kim inkar edə bilməz ki, Azərbaycanın hərbi qüvvələrinin içərisində dövlətimizə xəyanət edən insanlar olub. Bu istintaqla və məhkəmə ilə sübuta yetirilib. Qurban Məmmədov və digərləri dərk etməldir ki, heç vaxt istintaq sirrini yaymaq olmaz. İstintaqın işinə müdaxilə etmək olmaz. Məhkəmə hökmü dövlətin adından çıxarılır. O müzakirə oluna bilməz. Bütün məhkəmə instansiyaların qərarlarından apellyasiya, kassasiya şikayətləri qaydasında bu məsələlərə baxıla bilər. Hansısa bir ideoloji və yaxud müxalifətçilik nöqteyi-nəzərindən baxışlar ortaya qoyulmamalıdır. Sual verirəm: Əgər müəyyən xarici informasiya şəbəkələrində zərərçəkmiş adı ilə dindirilən adamların dedikləri nə qədər doğrudur? Ona kim zəmanət verir. Nə üçün istintaqda bir cür, indi bir cür ifadələr verirlər? Azərbaycanın təhlükəsizliyini təmin edən məhz ordudur. Ordu sıralarında bu məsələyə yol vermək olmaz. Azərbaycan tərəfi istənilən başqa dövlət kimi bunu önlədi. Ortada həqiqətən xəyanət vardı. Eyni zamanda xəyanətin üstünün açılması üçün qeyri-hüquqi metodlardan istifadə edilməsi qəti şəkildə pislənilməlidir. İndi sosial şəbəkələr hamıya əlçatandır, hər şeyi milyonlarla insana çatdırır, amma burada həqiqət ortadan gedə bilər. Hansı tərəf qarşı tərəfi ittiham etmir? Bu həqiqət haradadır? Həqiqəti tapmaqdan ötrü də həmişə hüquqi qərarlara, istintaq matreallarına əsaslanmaq lazımdır. Əgər bu məhkəmələr, istintaq düz getməyibsə, yuxarı məhkəmə instansiyalarına şikayət etmək olar. Lap imkan var ki, beynəlxalq məhkəmələrə şikayət olsun. Hüquqi prosedurlar getməlidir. Yoxsa hər kəs özü bir istintaq açıb, eşitdiyi şaiyələrin əsasında mülahizə yürüdüb, hökm verməsi doğru deyil. Dövlətimiz üçün çox ziyanlıdır. Hüquqi dövlət modelinə uyğun gəlmir. Nədənsə  istəyirlər ki, Azərbaycan müharibədə qələbə qazanandan sonra müxtəlif sahələr üzrə dövlət hakimiyyətini sarsıtmaq istiqamətində, elə bil ki, razılaşdırlmış böyük qəsdlər gedir, şaiyələr yayılır. Buna yol vermək olmaz. Vətəndaşları səbrli olmağa, həqiqətə inanmağa dəvət edirəm. Bu həqiqətlər də istintaq və məhkəmə orqanlarının rəsmi qərarlarıdır. Əgər burada uyğunsuzluq varsa, yenə hüquqi yolla şikayət etmək lazımdır. Biz də bu məsləyə deputat nəzarəti qoymuşuq ki, heç bir şey qaranlıq qalmasın, heç kimin qanı batmasın. Ancaq yenə deyirəm başa düşmək lazımdır ki, istintaq və məhkəmə orqanlarına və konkret vəzifəli şəxslərin adlarına verilən ittiham bütövlükdə dövlətimizi gözdən salır. Dövlətə qarşı olan bir siyasi terrora çevrilir. Bundan çəkinək və dövlətimizə güvənmək lazımdır: nə xəyanət edənlər, nə də işgəncə verənlər cəzasız qalacaq!”
0 0

Oxşar xəbərlər