"44 günlük Vətən savaşının qürurlu anları" - "Hamını bir yumruq kimi birləşdirdi"
18-12-2020, 08:58
191 453

"44 günlük Vətən savaşının qürurlu anları" - "Hamını bir yumruq kimi birləşdirdi"

  TehsilXeber.com təhsil Portalı və Təhsil Forumu - 2020 Facebook qrupu "44 günlük Vətən savaşının qürurlu anları"  rubrikası çərçivəsində növbəti məqaləni təqdim edir:  

    44 günlük müharıbə ... Qəribədir... Bu 44 gün ərzində sanki tamamilə yenidən doğulduq, təzələndik, dünyaya yeni bir pəncərədən baxdıq. Baxdıqca nə qədər qürurlu, nə qədər qeyrətli, əyilməz bir xalq olduğumuzu gördüm. Sinəm qürur hissi ilə döyündü. 

    Bu müharibə düşmənimizə, dostumuza, bütün dünyaya, hətta özümüzə belə Azərbaycan xalqının əsl kimliyini xatırlatdı. Bu müharibə şəhid yarını, həyat yoldaşını qürurla son mənzilə çiynində daşıyan Firuzəylə Azərbaycan qadınının mərdliyini, qeyrətini, “sizin övladlarınız var, mən subayam “ deyib sinəsini mərmiyə sipər edən oğullarımızla bu torpağın insanının fədakarlığını, ədalətini, amansız silah yağmurunda düşmən körpəsini xilas edən əsl Azərbaycan kişisinin mərhəmətini, düşmənə əsir düşməmək üçün ölməyi özünə şərəf bilən əsgərlərimizin vətənə olan sədaqətini bir daha bütün acısı ilə, göz yaşı ilə, qüruru ilə göstərdi. Ancaq bilirsinizmi, bu müharibə bizə daha nəyi xatırlatdı ? O susadığımız birliyimizi. Hamını bir yumruq kimi  birləşdirdi öz səmimiyyəti ilə, müdrik siyasəti ilə möhtərəm Ali Baş Koman- danımız. Xarıcdəki karyerasını, işini atıb Vətənin dar günündə savaşmağa gəldi oğullarımız. Cibinin, bəlkə də,  son manatı ilə əsgərlərimizə soyuqdan donmasınlar deyə  corab, əlcək, papaq alıb göndərən analarımız, təqaüdünü alıb Ordumuza kömək edən Hikmət babamız, öz cehiz yorğan – döşəyini əsgər qardaşlarına göndərən qızlarımız, hər gün igidlərimizə sevgi dolu məktublar yazan məktəblilərimiz  birliyimizin təzahürü deyilmi? Mübariz olduq, istədiyimizi etdik. Polad olduq, əyilmədik. Xudayar olduq, Qarabağa səs saldıq. Möhtərəm Prezidentimizin hər çıxışında “Qarabağ bizimdir ! Qarabağ Azərbaycandır!” şüarı artıq dillər əzbəridir, nəinki böyüklərimizin, hətta körpələrimizin də dilindən düşmür. Əslən Qarabağlı olmayanın Qarabağ həsrətini göstərdi  bu birlik... Bu, yetərincə qürur vermirmi? 

       Hər bir əsgərimizin nəinki döyüş meydanında göstərdiyi şücaət, hətta qətiyyətli yerişi, əzəmətli duruşu, qorxmazlığı düşməni dəhşətə gətirirdi. Müdafiə Nazirliyinin yaydığı bir video hamımızın diqqətini xüsusilə cəlb etdi. Mərdanə, qürurlu duruşu ilə, top atılsa belə vüqarlı dayanmağı ilə, əyilməzliyi ilə diqqətimizi çəkən, hər zaman vətənpərvərliyi, məğrurluğu ilə seçilən  Vüsal Şahkərimov  Azərbaycan əsgərini bizə bir daha tanıtdı. 

      19 yaşlı Cəbrayıl Dövlətzadə ... Bu qəhrəmanımızın adı da dillər əzbəridir. Düşmənin bir generalını və polkovnikini təkbaşına məhv edərək Azərbaycanın mərd oğlu, general Polad Həşimovun  qisasını aldı. Bu qəhrəmanlar bir deyil, beş deyil, nə qədər desən saymaq olar.. 

    Bu müharibənin iki cəbhəsi var idi. Bir görünən – bizi qanları ilə, canları ilə qoruyan oğullarımızdan ibarət cəbhə. Biri də arxa cəbhə, hansı ki, maddi – mənəvi hər cür dəstək verməyə çalışan xalqımızın hər nümayəndəsindən, ayrıseçkilik salmadan bütün əsgərlərimizə qayğı göstərən, bu Vətən savaşının ilk günündən öz yetişdirdiyi gənclərinin yanında olan   Azərbaycan müəllimi. Bu gənclərin vətənpərvər ruhda  böyüməsində   müəllimlərimizin əməyi əvəzsizdir. Sizcə, elə deyilmi? Onlar deyildimi bizə  lap erkə vaxtlarımızdan səbirlə hər gün Azərbaycan himnini oxutduran? Onlar deyildimi hər dəfə torpaqlarımızın hər qarışının müqəddəsliyini bizə anladan? Biz ilk dəfə məktəbdən, o parta arxasında oturarkən hiss etmədikmi vətən sevgisini? Ona görə, fikrimcə, bu gün əgər belə güclü, mərd,  bir ağızdan “Vətən sağ olsun!“ deyən oğullardan ibarət Milli Ordumuzun varlığından, qazandığı möhtəşəm qələbədən danışırıqsa, təşəkkür edəcəyimiz əsgər valideynlərinin yanında müəllimləri də əlavə etməliyik.  

    Erməni vandalizmini, vəhşiliyini,  törətdikləri cinayətləri, dinc əhaliyə qraşı apardıqları terror aksiyalarını beynəlxalq və yerli ictimaiyyətin diqqətinə çatdırmaq, doğru – dürüst məlumat vermək kimi şərəfli bir işi ləyaqətlə yerinə yetirən, bu sahədə   bütün güc və qüvvəsini səfərbər edən gənclərimiz var. Onlardan biri də məktəbimizin məzunu Fərid Şahbazlıdır. Hər bir işində nümunə olan Fərid arxa cəbhədə bir əsgər kimi şücaət göstərir, informasiya savaşında ölkəmizə yağdırılan zidd fikirləri çox yüksək səviyyədə dəf edir. Biz müəllimlər   bu cür gənclərimizlə qürur duyuruq. Sevinirik ki, belə gənclərin əsl vətənpərvər ruhda formalaşmasında  əməyimiz var, Vətənimizin sabahının əmin əllərdə olduğuna bir daha inanırıq.

   Bəli, bu gün müstəqil dövlətçilik tariximizdə ən xoşbəxt, ən qürurlu anları yaşayırıq. Azərbaycan xalqı 30 il həsrətində olduğu, erməni tapdağı altında  dağıdılan torpaqlarına qovuşaraq Zəfər şərbətini içdi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün, 44 gecə 30 ildir hər addımda qazılan xəndəkləri, sıldırım qayaları, sıx meşələri keçərək bu Zəfər şərbətini içməyi bizə canları, qanları bahasına bəxş etdi. 2783 şəhidimiz, yaralı qazilərimiz. Bu qüruru bizə onlar yaşatdı. Hər biri bir dastan yazdı, qəlbimizdə özünə taxt qurdu. “Vətən yaxşıdır“ deyib vətən üçün canlarından keçdilər. Nur içində yatın, əziz şəhidlər! Haqqınız ödənilməz. 

 


Könül Təhməzova
Bakı şəhər 7 saylı tam orta məktəbin direktoru
 

Oxşar xəbərlər