"44 günlük Vətən savaşının qürurlu anları" - "Qızım, müharibə başladı"
18-12-2020, 08:49
189 050

"44 günlük Vətən savaşının qürurlu anları" - "Qızım, müharibə başladı"

TehsilXeber.com təhsil Portalı və Təhsil Forumu - 2020 Facebook qrupu "44 günlük Vətən savaşının qürurlu anları"  rubrikası çərçivəsində növbəti məqaləni təqdim edir:
                   
                                                  Yazmaram ürəyim sizi anmasa,
                                                  Sizin eşqinizlə alovlanmasa,
                                                  El kəsib qarşımı burdaca sordu;
                                                 - Gözdən yaş çıxarmı ürək yanmasa?!

27.09.2020 – ci ilin səhəri.
           Bu səhər digərlərindən fərqli açılırdı. Sübh namazıma oyananda uzaqdan top səslərini aydınca eşidirdim. Ancaq nə olduğunun fərqində deyildim. Qəfil telefona anamdan gələn kiçik mesaj “Qızım müharibə başladı” sanki qəlbimi yerindən oynatdı. Müharibə? Qırğın? Fəlakət? Bunlar I Qarabağ müharibəsi vaxtı mənim uşaqlıq illərimdən təsirsiz ötüşməmişdi. Doğulub boya başa çatdığım Goranboy rayonu mənfur düşmənlə qonşu olduğundan atışmaların səsini aydın eşitmək olurdu. Şəhid xəbərləri məcburi köçünlərin rayona axını, ölkədəki çətin vəziyyət kiçik qəlbimdə böyük izlər buraxmışdı.
      İndi qəfil gələn bu xəbər məni bir anlıq xatirələrə apardı.
Həmin gün məktəbdə olarkən aramsız atılan top səsləri lap yaxından eşidilirdi.

Uşaqlar, müəllimlər – bir sözlə, hamı təşviş içində idi. Çox keçmədən tədris prosesi dayandırıldı. Ancaq məktəb rəhbərliyi olaraq bu müddət ərzində - 44 gün – ev - məktəb arasınsda getdim gəldim. Mənimlə bərabər üzüntülərim, sevinclərim…

28.09.2020 – ci il. Yevlax rayon Salahlı kəndi ilk şəhidini – Məhərli Muraz Baxşəli oğlunu böyük izdihamla qarşıladı. İnanın, kənd sakinləri bir ürək kimi Murazın həyətində döyünürdü o gün. Ana fəryadı göylərə ərşə çəkilmişdi sanki. İlk dəfə idi ki, şəhid cənazəsində iştirak edirdim. Qəlbimdə çağlayan bu hissi kəlmələrlə ifadə etmək çox çətindir. Göz yaşları selə dönüb hər yeri yuyub aparır, bütün kənd şəhid Murazını ağlayırdı.

Bir insan köçürsə, dünyadan əgər,
Sən elə bilmə ki, tək bir can gedir
Hər sönən baxışda saysız diləklər,
Hər kiçik tabutda bir cahan gedir!

Bir gün sonra II şəhidini qarşıladı Salahlı. Amanov Əhməd Tahir oğlu – iki bacının tək qardaşı, 5aylıq körpə balasını doyunca öpüb qoxlamayan, 13 yaşından anasız qalan Əhməd.

    Bu ölüm məni növbəti dəfə sarsıtdı. Ölüm bir həyatın sonu, digər həyatın başlanğıcıdır deyirlər. Mən Əhmədi anasının yanında cənnətdə təsəvvür etdim bir anlıq. Necə ağır idi xəstə atanın sakitləşdirici iynələrlə ayaqda durduğu, ümidini tək qardaşına bağlayan yeniyetmə bacının özünə qəsd etmək istəyi. Mənim şagirdim olmuşdur Səbinə. Qardaşının şəhid xəbərini ilk bölüşdüyü insanlardan idim. Əlimdən ona təsəlli verməkdən başqa bir şey gəlmirdi çox heyif.

     Aradan bir müddət keçdi. Artıq bir neçə ərazilərimiz düşmən təcavüzündən qurtulmuşdu. Şükürlər oxuyurdum Rəbbimə. 17 Oktyabr növbəti şəhid xəbəri ilə sarsıldı Salahlı.

    Kərimov Ülvi Rövşən oğlu – 4 uşaq atası, kiçik çavuş, kəndinin qeyrətli oğlu. Suqovuşan istiaqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

     Yenə qəddi əyilmiş ata, ana – bacı fəryadı, hələ şəhidimin övladları ilə öz ölümünü bilircəsinə son görüşünü videoya çəkdirməsi və bunları izləyən bizlər. Çox ağırdır…

     Hər biri üçün o qəbrə kaş mən girəydim dediyim sözlər… Məsum baxışlı körpələr atalarını görmədən, duymadan necə böyüyəcəklər, İlahi? Kaş sizi geri qaytarmağın bircə yolu olaydı.  Kaş…

     Ya Rəbbim, qanlar, canlar hesabına alınan torpaqlarımızı əldə saxlamaq üçün vətən keşiyində duran qardaşlarımıza güc – qüvvət ver. Sən onları qoru.

       Artıq bu ötən günlər ərzində Cəbrayıl, Zəngilan, Füzuli azadlığına qovuşmuşdur. Mövsümlər kimi, hisslərimdə qarışmışdır qəlbimdə. Uğurlara bir yanım sevinirdisə, bir yanım şəhid xəbərlərinə yanırdı.

      Nəhayət 8 Noyabr 2020 – ci il tarix. Musiqi beşiyimiz, Qarabağ incisi, Şuşamın azad edildiyi tarixi gün açıqlandı. Şuşa işğaldan azad olundu. Sevinc göz yaşlarım boğazımda düyünlədi sözlərimi. Bütün məktəb kollektivimə xəbər saldım. Toplaşdıq. Məktəbin qarşısındakı Şəhidlər xiyabanına üz tutduq. Bayraqların altında, şüarlarla – “Şuşa azaddır! Qarabağ Azərbaycandır! ”eyni zamanda“ ŞƏhidlər ölməz, Vətən bölünməz!” – addımlamaq nə qədər qürurvericidir. Bunu illərlə kor olan birini qəfil gözünün açılmasına bənzətsəm yenədə az olar.

     Müəllimlərlə çıxış etdik bir – bir. Gözlərdəki sevincin həddi – hüdudu yox idi. Şuşanın azadlığı bütöv Qarabağın azadlığına bərabər idi. Şagirdlərimiz rayonların işğal tarixlərini əzbərləməkdə çətinlik çəkirdilər. Bəlkə də İlahinin işi idi bu tarixləri yadda saxalmamaq. İndi azad olunma tarixlərini fəxarət hissi ilə əzbərləyib yadda saxlayacaq vətənpərvər şagirdlərim. Nəğməkar quşlara döndük bir nəfər kimi. Qəlbimizdən qopan xoşbəxtlik fırtınası az bir müddət ərzində bütün kəndi ağuşuna aldı.

    10 Noyabr 2020 – ci il gecə saat 2 olardı. Yenə qəfil gələn zəng: “Ali Baş Komandan Xalqı təbrik edir, Qarabağ azaddır! Xocalı təcavüzünə son qoyuldu! “ Nə gözəl xəbərsən. Bütün kənd camaatı bu möhtəşəm xəbəri küçələrdə səhərə kimi qeyd etdi.

    Həmin gün məktəbimizin vatsap qrupunda hamını “Qələbə Günü”nü qeyd etməyə dəvət etdim. Hamı bir nəfər kimi gəlmişdir. 44 gündən sonra ilk dəfə qırmızı yaylıq taxdım o gün. Sevincimi, qürurumu bayrağımın müstəqillik rəmzi olan qırmızı rənglə hər kəsə bildirmək istəyirdim.

     İlk öncə bu tarixi zəfəri öz həyatları bahasına bizlərə yaşadan Şəhidlərimizin ailələrini ziyarət etməklə başladıq. Şagirdlərim necə ürəkdən söyləyirdilər “Başını dik tut şəhid atası, Başını dik tut Şəhid anası”

    Ya Rəbbim, necə ürəklə bütün kəndin küçələrini gəzib üç şəhidimizin evinə baş çəkdik.  Şəhid analarının əlindən öpüb övladlarının “Şanlı tarix yazdıqların“ söylədim. Məndə onlar kimi mərd oğul böyütməyi özümə borc bildim o gün. Üç rəngli füsunkar bayrağımız yenə bəzədi Vətən göylərini.

Ey mavi göylərin al, mavi, yaşıl süsü
Bacımın gəlinliyi, şəhidimin son örtüsü
İşıq – işıq, dalğa – dalğa bayrağım
Sənin dastanını oxudum, sənin dastanını yazacağam

    Əbədi olaraq yaddaşlara həkk olundu bu Zəfər Günü! Qazilərimizi kənd meydanında təşkil olunmuş şənliyə dəvət etdik. Təşəkkür edib, minnətdarlığımızı bildirdik. Vətənin azadlığı yolunda sol qolunu itirən qazi Vəliyev Eltun Müsabiq oğlu alqışlarla qarşılandı. Xalq öz qəhrəmanlarıyla hər zaman qürur duyur, fəxr edir. Bol sevincli bu Zəfər günüdə gözü yolda olan, itkin kimi axtarılan bir əsgərimizdə var idi. Təəssüf ki, çox keçmədən onun da şəhid xəbərin gəldi. Quliyev İman Kürdoğlu oğlu – evin tək oğlu, atasının dayağı, üç bacının fəxri, anasının göz nuru bir ailənin sevincini də özü ilə apardı cənnətinə.

    Müharibə itkisiz olmur deyirlər. Minlərlə ailənin çırağı söndü, neçə körpə atasını itirdi bu döyüşdə. Düz 2783 şəhid, 10 milyon yaralı ürək qoydu ardında 44 günlük Vətən müharibəsi. Tək təsəllimiz bu qanın boş yerə tökülməməsi, 30 illik Qarabağ həsrətinə son qoymasıdır. II Qarabağ müharibəsində bizlərə dəstək qardaş Türkiyə dövlətinə öz dərin minnətdarlığımı bildirirəm. Müzəffər Prezidentimizin daxili – xarici siyasətinin nəticəsində şanlı qələbəni bizlərə yaşadan Rəşadətli Azərbaycan ordusuna eşq olsun!

Var olsun Ali Baş Komandan!!!

   İndi ürəyimdə bir arzum var. Hər igidə nəsib olmayan bu şəhidlik zirvəsinə ucalan kəndimizin qeyrətli oğulları – Məhərli Muraz, Amanov Əhməd, Kərimov Ülvi, Quliyev İmanın əziz xatirəsini hər şeydən uca tutaq. Onların timsalında bütün Azərbaycan şəhidlərinin ruhunu hər zaman şad edək, onların ailəsinə hər zaman maddi və mənəvi baxımdan dəstək olaq. Dəmir yumruq kimi birləşib, bir ürək kimi döyünən xalqını Tanrı hər zaman yar olsun!.

AZƏRBAYCAN VAR OLSUN,
İSTƏMƏYƏN KOR OLSUN!

Xəlilova Aysel İbrahim qızı
Yevlax rayon B.Alıyev adına Salahlı kənd tam orta məktəbin direktoru

Oxşar xəbərlər