
"44 günlük Vətən savaşının qürurlu anları" - "Torpaqdan pay olmaz"
TehsilXeber.com təhsil Portalı və Təhsil Forumu - 2020 Facebook qrupu "44 günlük Vətən savaşının qürurlu anları" rubrikası çərçivəsində növbəti məqaləni təqdim edir:
Müstəqil Azərbaycan Respublikası coğrafi relyefinə, iqliminə, mühüm strateji əhəmiyyətli yerlərinə, zəngin yeraltı və yerüstü sərvətlərinə görə fərqlənir. Ana təbiət bütün rəngarəngliyini, əsrarəngiz gözəlliklərini Azərbaycan torpaqlarından əsirgəməyib.
Uzun illərdir ki, “ermənilər” “cılız” bir millət kimi acgözlüklərindən əl çəkmirdilər. Özlərini “yazıq” kimi göstərib azərbaycanlıların ürəyiyumşaqlığından istifadə ediblər. Hansı yüzilliyə nəzər salsaq, ermənilərin törətdikləri vəhşiliklərin şahidi olarıq. Suyumuzu içib, çörəyimizi yeyib nankorluq edən düşmənlərimiz elə həmişə nankor, nadan, çörəyi dizinin üstündə olaraq da qalacaq. Birmənalı olaraq, başa düşmürlər ki, torpaqdan pay olmaz. Xarici havadarların hesabına yaşayan ermənilər anlamırdılar ki, gec - tez onların riyakarlığı, törətdikləri vəhşiliklər cavabsız qalmayacaq.
Minlərlə insanın vətən həsrəti, doğma el – oba yanğısı, anaların fəryadı heç bir çərçivəyə sığmaz. Min bir əziyyətlə ev - eşikdən, doğma yurddan didərgin düşmək, o anları yaşamaq çox ağırdır. Vətən dərdi, el həsrəti, yurd itkisi. Bu sözləri yazmaq asan, onları yaşamaq necə də ağır, dözülməz, dastanlara sığmayan bir həyatdır. Bu anları, hisləri biz də yaşadıq. 1992 - ci ilin may ayından doğma ata yurdumdan, Laçınımdan ayrı düşdüm. Bir an olsun belə o yerləri yaddan çıxarmadıq, o yerlərin həsrətindən qovrulduq.
Vətən, Vətən deməkdən,
Ana torpaq deməkdən
Dilim yaman qovrulur,
Elim - obam deməkdən
Heç vaxt inamımızı itirmədik. Çünki bizim xalqımızın vüqarını, əzimkarlığını qırmaq olmaz. Hər vəchlə inanırdıq ki, Qarabağımız azad olacaq. Musiqi beşiyi olan Şuşa şəhərinin simvolu olan ”Xarıbülbül” haqqında belə bir şeir yazmışdım. 2015 - ci ildə. (Vətən həsrətindən yoğrulan sözlərdir).
Çiçəklərin baş tacısan,
Vətənimə yaraşıqsan.
Şüşamızın aynasısan
Qarabağın, Laçınımın
İstəkli gül balasısan
Xarıbülbül, xarıbülbül,
Darıxma, gəl xarıbülbül
Olmarıq xar, xarıbülbül
Qoymarıq yad üzə səni,
Qoxlaya, qopara səni
Olacaqsan baş tacımız
Xarıbülbül, xarıbülbül.
Biz o yerlərdə tonqallar qalamaq, qürrələnərək torpaq üzərində gəzmək, düşmənə qalib olduğumuzu göstərmək, ən uca zirvələrə bayraqlarımızı sancmaq inamı ilə yaşayırdıq.
Nəhayət, 27 sentyabr 2020 - ci il tarixində Azərbaycan ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı əks - hücum əməliyyatı başladı. Ali Baş Komandanımız başda olmaqla döyüş meydanlarında şücaət, əzmkarlıq, əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur, qorxmaz komandirləri Qarabağ torpaqlarının azad olunması üçün dəmir yumruq kimi birləşdilər. 44 günlük müharibədə Azərbaycan xalqının və ordusunun gücünü bütün dünya gördü. Ermənistan ordusunun məğlubedilməzliyinin bir xofdan ibarət olduğunu Azərbaycan ordusu sübut etdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində ermənilərin 30 il ərzində qurduğu istehkamları darmadağın edərək, böyük qələbə qazandı. Zəfər çalındı.
Hamı yumruq kimi birləşdi. Çünki torpaqların azad olunması üçün birləşmək lazım idi. Əsgərlərin döyüş ruh yüksəkliyi, mənəvi - psixoloji cəhətdən üstünlüklərinin çox olması qalibiyyətin təmini idi. Ölümün gözünə dik baxan, bu igidlər düşünmədən Ali Baş Komandanın əmrini yerinə yetirməklə tarix yazdılar.
Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətəndir! 2783 şəhidimiz var. Şəhidlərin ruhu qarşısında baş əyirik. Şəhid olan hər bir azərbaycanlı ən yüksək zirvədə, insanların ürəyinin müqəddəs, toxunulmaz tellərində yaşayacaq. Şəhidlər ölmür, unudulmur. Tariximizin şanlı salnaməsində adlarını qızıl hərflərlə yaddaşlara həkk ediblər. Hər birinin xatirələri, gerçəkləşməmiş arzuları vardı. Allah Şəhidlərimizə rəhmət eləsin.
Qələbə anların yaşamaq necə gözəl bir hisdir. Azad olunmuş kəndlərə, şəhərlərə qürur yeri, and yerimiz olan üçrəngli Azərbaycan bayraqları sancılanda sevinc göz yaşları ilə sevinib, ordumuzu alqışlamaq çox möhtəşəmdir. Vətən uğrunda , torpaq uğrunda döyüşdünüz. Qorxu bilmədən, ölümü fikirləşmədən düşmənə qarşı qəhrəmanlıqla döyüşdünüz. Vətən sevgisini, torpaq sevgisini gələcək nəsillər Sizdən öyrənəcək. Dünya durduqca sizin ruhunuz yaşayacaq. Qarabağ müharibəsində şəhid olanların da ruhu rahatdır. Qarabağ azaddır. Vətəni bu ağırlıqdan xilas etdiniz.
O torpaqların həsrəti ilə yaşayıb dünyasını dəyişənlərimiz çox oldu. Kaş bu sevinc hissini onlar da yaşayaydı.
Noyabrın 8 - i tariximizə Zəfər günü kimi yazıldı. Müzəffər ordumuzun rəşadəti milyonlarla insanı sevindirdi. Artıq qürurla deyə bilərik ki, Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Xarıbülbülümüz, Şuşamız, Laçınımız, bütövlükdə Qarabağımız azad oldu.
O torpaqlarda qürurla gəz, Vətən oğlu. Buna bizim haqqımız çatır. Ata - baba yurdlarında bayraqları dalğalandıran Vətən oğlu, Sizlərə halal olsun. Bu həsrətə son qoydunuz. Bizi bu həsrətdən qurtardınız. Gələcək nəsillər artıq bizləri qınamayacaq. Ona görə qürurluyuq. Azərbaycan xalqı yumruq kimi birləşdi, ona görə qururluyuq ki, sınmadıq, düşməni sındırdıq. Gənc nəslin Vətən sevgisi, qorxmazlığı qürurvericidir. Nə yaxşı ki, bu sevgini onlara aşılayan valideyinləri, müəllimləri var. Hər bir Azərbaycan müəllimi tarix yazan əsgərləri ilə qürur duyur. Bu zəfər sevincini bizə yaşatdığınıza görə Sizlərə minnətdarıq. Şuşada, Laçında, azad olunmuş ərazilərdə dalğalanan bayrağım! Dalğalan, dalğalan qürur mənbəyimiz olan bayrağım.
Cəngilər çalınsın, qoy eşidilsin,
Ərənlər,igidlər meydana girsin
Qələbə gününü toy bayram etsin
Tonqallar qalansın Qarabağımda
Səbirsizliklə kəndlərimizə, şəhərlərimizə qayıtmağı gözləyirik. Bizdən küsən dağlarımıza qovuşduğumuz anları gözləyirik. İtirdiklərimizin giley-güzarını aparırıq. Torpaq , Vətən sevgisi bütün sevgilərdən üstündür.
Ağbirçək anamı, Qarabağ müharibəsinin fəal iştirakçısı polis qardaşım Elşad Qarayevi, xanım - xatın bacımı itirdim bu illərdə, Ruhunuz şad olsun. Övladlarınız, nəvələriniz o yerlərə gedəcəklər. Torpağın üzərində qürurla gəzəcəklər. Qürur yerimiz, and yerimiz Vətən torpağı. Canım sənə fəda olsun. Başın uca olsun, Azərbaycan torpağı.
Bu qürurlu anları bizə yaşatdığına görə Ali Baş Komandanımıza və müzəffər ordumuza minnətdarıq. Bu sevinci heç bir şeylə müqayisə etmək olmaz. Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Prezident İlham Əliyevin inamlı addımları, çıxışları hər bir Azərbaycan vətəndaşını qürurlandırdı. Azərbaycan əsgərləri, Allah Sizləri qorusun!
Qarayeva Sayad Ramazan qızı
Laçın rayon 7 nömrəli tam orta məktəb Ibtidai sinif müəllimi.