"44 günlük Vətən savaşının qürurlu anları" - "Ölüm var ki, həyat qədər dəyərli"
18-12-2020, 08:41
120 673

"44 günlük Vətən savaşının qürurlu anları" - "Ölüm var ki, həyat qədər dəyərli"

TehsilXeber.com təhsil Portalı və Təhsil Forumu - 2020 Facebook qrupu "44 günlük Vətən savaşının qürurlu anları"  rubrikası çərçivəsində növbəti məqaləni təqdim edir:

    Məktəbdə işlədiyim illər ərzində təkcə fənnimi tədris etməklə kifayətlənməyib, vətənpərvərlik ruhunda tədbirlər təşkil etmişəm. Bu tədbirləri hazırlamazdan əvvəl 1-ci Qarabağ müharibəsində olanları araşdırır ve mənfur ermənilərin xalqımızın başına gətirdiklərini oxuduqca gecələr yuxum ərşə çəkilirdi. Səhərisi məktəbdə məşq zamanı şagirdlərimin daha yaxşı, daha ürəkdən çıxış etmələri üçün onlara düşmənə qarşı nifrət, şəhidlərimizə böyük məhəbbət, ehtiram,heyranlıq hissləri aşılayırdım.
     Mən yaşananları danisdiqca şagirdlerimin gözündə ermənilərə qarşı qəzəbi duyurdum. Yadımdadır bir dəfə ermənilərin bizim əsirlərə qarşı etdikləri qeyri-insani hərəkətləri danişdıqca şagirdlərimdən Emil, Sənan, Cavadin hirslə yumruqlarını sıxdığını gördüm. Hələ o zaman mənim o şagirdlərim 7-ci sinifdə oxuyan balaca aslanlar idi. Onların qanında olan bu qeyrət  məni sevindirse də,ürəyimdə hər zaman bir narahatçılıq var idi. Bu qeyrətli balaların o sualı ünvanlamasından ehtiyatlanırdım. Qorxurdum ki, günün birində mənə sual verələr ki, ”müəllim, siz danişdıqca  biz onlardan qisas almaq istəyirik. Siz bizə oxuyub cəmiyyətə faydalı vətəndaşlar olmağı, gələcəkdə düşmənlərimizi hər sahədə məğlub etməyimizi deyirsiniz. Haqlisiniz da. Bes nə üçün indiki cavanlar, indiki herbiçilər, siyasətçilər bunu etmir? Nədən qisası alınmır şəhidlərimiz? Bu sualların narahatçılığından, keçirdiyim tədbirlərdə  izləyənlərin göz yaşına qərq olmağını gördükdən sonra artıq özümə söz verdim ki, daha men tədbir etməyəcəm. Axı nə qədər məğlub ölkənin boynubükük müəllimi olacağam? Axı nə qədər ağlayıb-sızlayacağıq? Yanan şamın son işartısı kimi qəlbimdəki son bir ümidlə nə zaman qələbə qazanarıq o zaman qalib bir dövlətin müəllimi kimi şagirdlərimlə tədbir keçirəcəyəm deyə əhd elədim.       Ər sakların yurdu olan gülşən Qarabağa namərdcəsinə sahiblənən ermənilər dünyanı haqsızlığa şahid edərək üreyimizi köksümüzdən çəkib aldılar.Havadarlarının köməyi  ilə 30 ilə yaxın bır dövrdə Qarabağa həsrət qaldıq. Amma ona qovuşmaq arzusundan heç əl çəkmədik. ”Murovun o üzü bizim vətəndir“ - deyə vüsal həsrəti ilə alışdıq, yandıq. Bu yanğı ile oğullar doğuldu, böyüyüb şəhidlik şərbətini  içməklə yağıları yurdumuzdan qovmaq arzusu onları rahat buraxmadı.
        Nəhayət o gün gəldi. 27sentyabr ölkəmizdə Vətən müharibəsi başladı. Bu müharibədə gecələr yuxusu ərşə çəkilənin təkcə mən deyil, vətənimin bütün övladları olduğunun şahidi oldum. Millətimin necə mərd ürəkli oğulları var imiş, İlahi. Biz nə qədər yanılmışıq?! Bu mərd oğullardan biri də qonşumuzun qardaşı oğlu 2014-cı ildə Hərbi Akademıyanın məzunu Baş leytenant Səfərli Cavid Xaliq oğludur. Şəhidimizi bacısının dili ile təsvir  etmək istəyirəm:”Xocalıda qadınlarımıza, körpələrimizə edilən vəhşilikləri unutmayan, hər daim qisas hissi ilə alışıb yanan, haqsızlığa qarşı vuruşan, qorxmaz, şir ürəkli, vətənini, bayrağını sevən, "İNSAN HƏYATI İLƏ ÖLÜR, ÖLÜMÜ İLƏ YAŞAYIR" deyən, öz əsgərlərinə qardaş olan, hər dəfə qar yağdıqca Xocalı hadisələrini xatırlayıb  "üşü bədənim üşü, don ayağım don"deyən, ana-bacılarımızın çəkdiyi zülmləri yadına saldıqca bizə yaşamaq haramdır deyən şehid qardaşım Cavid”. Bacının dilindən eşitdiyim bu sözlər sanki damarımda qanımı dondururdu. Hələ hərbi təlimlərdə öz vətənini ortasından məftillər çəkilərək o tərəfə keçmək olmaz qadağası Cavidin düşmənə qarşı nifrətini biraz da artırırdı. Axı niyə vətənimin o tərəfində bitən laləsini dərə bilməyim? Axı nə üçün öz ana torpağıma ayaq başa bilməyim? Axı niye.? Bu suallar təkcə Cavidi deyil onun kimi minlərlə qeyrətli vətən oğullarını varından yox edirdi. Damarlarında axan qan qeyrətlə durulaşıb, ürəklərinə damırdı. Cavid kimi oğullar sən demə, bu müharibəni gözləyirmiş. Mənim kiçik aslanlarımın şir ürəkli böyük qardaşları vətən müharibəsində düşmənə elə qan uddurdu ki, düşmənlərimiz silahların, hətta üst geyımlərini belə qoyub qaçırdılar. Mən Cavidin məzun ilini əbəs yerə qeyd etmədim. Həmin tədbirdə Cavid öz vətənimi, millətimi qorumaq üçün hərbiçiliyi seçdim deyir. Sözü ve eməli bir olan oğullarımız var bizim. Qubadlı uğrunda gedən döyüşlərdə daima irəli atılan,yaralı dostlarına kömək  edən Cavid o yağmurlu soyuq havada əynindəki üst geyimini çixarıb yaralı döyüş yoldaşına verıb ki,üşüməsin. İlahi, anası-bacısı ne çekdi onun. Həmin paltarın yaxasında Cavidin adı yazıldığına görə ailəyə şəhid oldu xəbəri gəldi..Əmisi ürəyinə daş bağlayıb getdı ve “yox bu Cavid deyil “deməyi ilə ailədə bütün yaxınlarında bir ümid yarandı. 20 gündən çox o ümidlə Cavidin zəngini, qısaca bir mesajını, gəlişini gözlədilər. Amma o gəlmədi. O onunçün  hər şeydən  çox sevdiyi ANA VETENİ uğrunda şəhadətə qovuşdu. Özünün də dediyi kimi torpaq üçün şəhidlik zirvəsinə yüksəldi.
     Atatürkün təbirincə desək ”tarix yazmaq tarixi yaratmaq qeder mühümdür”. Onlar tarix yazdılar. Gözümüz qabağında böyüyən Cəbrayıllar, Əlilər, Allahverdilər, Xudayarlar, Şöhrətlər, Siyavuşlar, Elçinlər, Elgünlər ve qəlbi arzu, sevgi, həyat eşqi, qurub-yaratmaq istəyi ilə dolu 2783 nəfər “görəsən Şuşa yerindəmi?” həsrəti ilə şəhadətə qovuşdu. Qarabağ həsrəti kimi ağır bir yükü min illerdir ki, yol gələn, başı hər cür sınaqlardan keçən bu ulu millətin nümayəndələri şərəflə daşıyaraq parçalanmış Vətəni bütöv etdilər. Onların ölümləri - “Ölüm var ki, həyat qədər dəyərli“ oldu...
    Türk Cumhurıyyətinin qurucusu Atatürkün dediyi kimi “Millətə xidmət edəni millət əfəndi edər” Şəhidlər and yerimiz, qazilər isə əfəndilərimizdir. Çünki Şuşa da yerindədir, Qarabağ da. Yazımın əvvəlində qeyd etdiyim məni qorxudan sual fikrinə qayıtmaq istəyirəm. Çox şükür ki, o sual mənə ünvanlanmadı. Və indən belə də ünvanlanmayacaq. Çünki vətənimin mərd oğulları sayəsində artıq mən o suallar qarşısında başıaşağı olmayacağam. Biz müəllimlər şagird qarşısında pərt olmayaq deyə  torpaq altında uyuyan igidlərimiz var bizim. O xarıbülbülün kök atdığı torpağa qarışan qeyrətli qardaşlarımız var bizim. Bilirəm, siz oradan-en yüksək məqamdan bizi seyr edirsiniz. Cisimləri yerdə, ruhları göylərdə olan, şehidler, nə qədər ki, xalqımız var, siz də var olacaqsınız!!!!!
Ruhlarınız şad olsun!!!
Qarabağ Azerbaycandır!!!

           Aytac Əliyarlı 
İmişli şəhər N.Nərimanov adına 1 saylı məktəb-liseyin
Azərbaycan dili və Ədəbiyyat müəllimi 

Oxşar xəbərlər