"44 günlük Vətən savaşının qürurlu anları" - "Şuşadan - Qarabağdan  gəlirəm"
18-12-2020, 08:57
181 393

"44 günlük Vətən savaşının qürurlu anları" - "Şuşadan - Qarabağdan gəlirəm"

TehsilXeber.com təhsil Portalı və Təhsil Forumu - 2020 Facebook qrupu "44 günlük Vətən savaşının qürurlu anları"  rubrikası çərçivəsində növbəti məqaləni təqdim edir:

    Nə gözəl bir duyğusan sən belə, əvəzin yox, bərabərin yox kimisən...
    Sənə məqalə yazıram, Şuşam, səndən hekayə yazıram. 44 günlük vətən savaşının qürurlu anlarını ürəyimizə sığdırmaq, qəlbimizdə daşımaq o qədər qürurludur ki. Lakin bu duyğuları izhar etmək, paylaşmaq da möhtəşəm deyilmi? Bilirsiniz, mən ömrümdə nə bu qədər içdən gülmüş, nə bu qədər xoşbəxt olmuşdum. Artıq haralısan? sualına cavab verərkən boynubükük olmamaq, Hardan  gəlirsən  sualına - "Şuşadan-Qarabağdan  gəlirəm" demək nə böyük xoşbəxtlikdir, ilahi! Xarıbülbül qoxuyan, vətənim, sənsiz bilsən necə darıxmışıq, bizi bağışladınmı, Vətən, biz sənə gəldik! Ruhun şad olsun, həsrətin köksünə xəncər sancıb qaranlıq dünyamızı aydınladan şəhidlərimiz, sizinlə qürur duyuruq, əsgər, hərbçi qardaşlarımız! Əsgər analarının qarşısında nə qədər baş əysək azdır. Hələ yenicə dil açan körpələrin dilində dastan olan Qarabağım, sənə sevgimi, 44 günlük savaşın qəlbimdə yaratdığı duyğuları göz yaşlarıma və Tanrının mərhəmətinə sığınaraq yazdığım hekayə məndən gözəl anladacaq.

       Qısa bir hekayə-8 May Şuşada ...  May ayının 8-i.Hər il olduğu kimi bu il də məktəbimizin müəllim və şagirdləri tədbirə hazırlaşırdı. Yox, yox, bu may da başqa maydı, bu il də başqa ildi. İlahi, bu yuxudur, ya gerçək? Axı biz bu tarixdə qara geyinərdik, üşüyərdi qəlbimiz, donardı ruhumuz. İndi al-əlvan geyinib hər kəs. Tədbir başlayır, hər kəs gülərək, yanağında təbəssümlə zala daxil olur. Həyəcandan əllərim əsir.Dil açıb danışmaq istəyirəm. Dilim söz tutmur. Atışma səsləri, yaralı əsgərlər, anaların naləsi... Yox, indi analar ağlamır, əsgərlər də yaralı deyil-ürəklərinin sağalan yarası bütün yaralarına məlhəm kimidir. Bu nə böyük xoşbəxtlikdir, İlahi! Elə bu an məktəbimizin Ədəbiyyat müəllimi Elşən müəllim həyəcanımı, təşvişimi görüb əlində tutduğu xarıbülbülü və bir ovuc vətən torpağını mənə uzadır. Əvvəlcə müqəddəs Şuşa torpağını öpürəm, ürək döyüntülərim artır, əllərimdə torpaq elə titrəyir ki... Sonra xarıbülbülün illərdir daşıdığımız həsrətini ciyərlərimə çəkirəm. Bəli, bu gerçəkdir, nə yuxudur, nə xülya. Elşən müəllimin mənə göstərdiyi bu gerçəklər üzümə deyil, yaddaşıma sillə olur. "Şuşa" deyib elə qışqırıram, elə qışqırıram ki...Harayım düşmən qulağı batıracaq qədər uzağa yetir. Özümsə ölüncə bu torpaqdayam. Elə bu an məni bağrına basıb  sevincindən hönkür-hönkür ağlayan ağsaçlı anama deyilən söz məni daha güclü və daha məğrur edir. "Gözün aydın, əsgər anası, igid anası, bir vaxt Şuşa uğrunda gedən döyüşlərdə yaddaşını itirən, dili tutulan övladın bu gün bir ovuc vətən torpağı, bir xarıbülbül və bax bu gözlərimizdəki parlayan Vətən eşqi ilə təzədən dünyaya gəldi. Gedək bayrağımızı gətirək!
        Bir azdan Azərbaycanın hər yerindən igidlərimiz gələcək. Biz təkcə Şuşanı düşməndən azad etdiyimiz günü deyil, illərdir qara geyinib yas tutduğumuz 8 May tarixini də bu gün düşmənə göz dağı-Qələbə günümüz kimi qeyd edirik. Qələbəmiz mübarək!

Axşamüstü qoy uzaqdan,
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi...


Günel Əliyeva
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Kurikulum təlimçisi

Oxşar xəbərlər