MDU  Elmi Şurasının növbəti iclası keçirildi
30-12-2020, 09:15
55

MDU Elmi Şurasının növbəti iclası keçirildi

29 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.
 
TehsilXeber.com xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə dayanan məsələləri diqqətə çatdırıb.
 
İclasın gündəliyinə uyğun olaraq, MDU-nun tədris şöbəsinin müdir müavini Üzeyir Zeynalovun “2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında”, dekan Nüşabə Qədimlinin “İqtisadiyyat və idarəetmə fakültəsinin fəaliyyəti haqqında”, elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubovun “Magistratura səviyyəsində tədrisin təkmilləşdirilməsi haqqında” hesabatları dinlənilib. Hesabatlarda cari semestrdə imtahan sessiyasına hazırlıqla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarları, Təhsil Nazirliyinin müvafiq əmrləri və təlimatlarından irəli gələn vəzifələr, bununla əlaqədar olaraq MDU rektorunun “2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi haqqında” 14 dekabr 2020-ci il tarixli müvafiq əmri ilə struktur bölmələrə verilən konkret tapşırıqlar, onların icrası vəziyyəti, İqtisadiyyat və idarəetmə fakültəsində və ali təhsilin magistratura səviyyəsində tədrisin keyfiyyəti, elmi fəaliyyət və tələbələrlə iş sahəsində görülən işlər haqqında ətraflı məlumatlar verilib.
 
Müzakirələrdən sonra, pandemiya dövrünün mövcud çətinlikləri, Vətən müharibəsi ilə əlaqədar internetdə yaranmış məhdudiyyətlər səbəbindən cari payız semestri üzrə dərslərin fərqli təhsil şəraitində keçdiyini qeyd edən rektor, MDU-nun professor-müəllim, inzibati-idarə, tədris-köməkçi və texniki heyətinin, habelə tələbə və magistrantların yüksək həmrəyliyi və böyük əməyi sayəsində tədris prosesinin uğurla təşkil edildiyini və imtahan sessiyasına hazırlığın qənaətbəxş səviyyədə olduğunu bildirib, qarşıda duran vəzifələrin icrası ilə əlaqədar müvafiq tapşırıqlarını verib. Hər üç hesabat Elmi Şura üzvləri tərəfindən qəbul edilib.
 
2020-ci təqvim ilində Elmi Şuranın sonuncu iclasının keçirildiyini vurğulayan Ş.Bayramov yekunlaşmaqda olan cari il ərzində MDU-da bütün fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlərdən, baş verən keyfiyyət dəyişikliklərindən danışıb. Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində şanlı tarixi Zəfər ili kimi yaddaşımıza əbədi həkk olan 2020-ci ildə MDU-da bir çox uğurların qazanıldığını qeyd edən Ş.Bayramov daxil olan çoxsaylı rəylərə əsasən universitetin ölkəmizin ali təhsil xəritəsindəki mövqeyinin nəzərəçarpacaq müsbət dinamikanın formalaşdığını bildirib.
 
Universitetin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında, ölkənin nüfuzlu mətbuat orqanlarında universitetin fəaliyyətinin geniş şəkildə işıqlandırılması ilə MDU-da ictimai hesabatlılıq ənənəsinin əsasının qoyulduğunu qeyd edən Ş.Bayramov həmin platformalar üzərindən ictimai rəyin öyrənilməsinin gələcək fəaliyyətin daha effektiv qurulması və reallaşdırılması baxımından önəmini də vurğulayıb.
 
2020-ci ildə MDU-nun professor-müəllim heyəti üzvlərinin və tələbələrin respublika və beynəlxalq səviyyəli elmi konfranslarda, təlimlərdə, seminarlarda, müsabiqələrdə və digər müxtəlif formatlı tədbirlərdə fəal iştirakı, ölkəmizin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində qarşılıqlı faydalı birgə tədbirlərin və layihələrin həyata keçirilməsi, COVID-19 infeksiyasına qarşı mübarizədə və Vətən Müharibəsi dövründə universitet kollektivinin güclü həmrəylik nümayiş etdirməsi, tələbə gənclərin könüllülük və startap fəaliyyətinə aktiv cəlb olunması və əldə edilmiş digər nailiyyətlər barəsində ətraflı danışan rektor növbəti təqvim ilində universitetin qarşısında duran vəzifələr və əsas gözləntilər barədə məlumat verib.
 
Dünyada və ölkəmizdə COVID-19 infeksiyasına yoluxma hallarının davam etdiyini qeyd edən Ş.Bayramov universitet kollektivini bütün mümkün mühafizə vasitələrindən istifadə etməyə və karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməyə çağırıb.
 
İclasın sonunda rektor Ş.Bayramov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə MDU ailəsinin bütün üzvlərini təbrik edib, onlara yeni təqvim ilində möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıb.

Oxşar xəbərlər