Ulduzlar Altında
2-01-2021, 16:35
246

Ulduzlar Altında


 

Atışma gecə yarıya qədər davam etdi. Hər iki tərəf susdu. Əsgərlər başlarını səngərin nəm torpağına qoyub uzandılar. Qaranlıqda heç kimin heç kimdəm xəbəri yox idi. Könüllü əsgərliyə gələn Kamal yanındakı yoldaşına toxunub “yatmısan” dedi. Toxunmaqla əsgər yerə yıxıldı. “əsgər, əsgər” deyə səsləndi. Əsgərdən səs çıxmadı. O ölmüşdü. Kamal qorxdu, həm də xoflandı. Axı bir az bundan əvvəl əsgər yanında atəş açırdı. O bir də sağ tərəfindəki əsgərə toxundu. “Əsgər, əsgər” əsgərdən iniltili bir səs gəldi. Kamal silahına sarılıb nəm torpağa üzü üstə uzandı. Gözünü qırpmadan düşmən tərəfə baxırdı. Lal-kar tərpənmədən baxırdı. Üşüyürdü. Puşlatının qollarını dartıb əllərinin üstünə saldı. Yenə də üşüyürdü... Beləcə, səhərin açılmasını gözlədi.

Qulağına uzaqdan xoruz səsi gəldi. “Vay yubandım, mallar tövlədə ac qaldı” istədi ayağa qalxa, baxdı üstündə ağırlıq var. Əlini gəzdirdi. Kiminsə başı onun sinəsi üstündə idi. Qaranlıq idi. Əlini başa toxundurdu. Əsgərin başı od kimi yanırdı. Əlinə toxundu. Əlləri soyuq idi. Silahı yerə qoyub əsgərin əllərini əlinə aldı. Ovuşdurdu. Ağzına toxundurub nəfəsi ilə isindirməyə başladı. Əlini tez-tez əsgərin alnına qoyurdu. Od tutub yanırdı. Hava yavaş-yavaş işıqlanırdı. Kamal əsgəri tanımadı. Ölən əsgərə baxdı. Onu və yaralını uzatdı. Əllərini yanına qoydu. Yaralıya “məni eşidirsən, əsgər” iniltidən başqa səs yox idi. Artıq işıqlanmışdı hər tərəf. Kamal səngərin sağına-soluna baxdı. Səngərin içi ilə yuxarıya getdi. Burda bir nəfər də sağ idi. Ancaq soyuqdan, ya da qorxudan süst durmuşdu. Səngərin soluna tərəf getdi. İki yaralı, bir də sağ əsgər gördü. Onlara kömək edib ortaya gətirdi. Sağ qalan əsgərə “əsgər, gəl bura”. Əsgər “neyləyim”. Kamal “gəl yaralıları bir yerə yığaq”. Onlar ölən əsgərləri bir, yaralıları isə bir yığdılar. Eləsi var idi ki, yarası çox ağır idi. Kamal səngərin o başında olan əsgərə səsləndi. “Əsgər bura gəl!” əsgərdən səs çıxmadı. Yanında olan əsgərə “əsgər get, onu bura gətir”. Əsgər səngərdə əyilə-əyilə gedib əsgəri gətirdi. Gələn əsgər “sən kimsən ki, mənu çağırırsan?”. Kamal “mən əsgərəm, yaralıları, bir də ölüləri bir-birindən ayırmışıq. Sən, bir də biz sağ qalmışıq. Gəl yaralılara kömək edək, görək haradayıq, yoldaşlarımız harada, tibb işçiləri harada?” Əsgər “bilirsən nə var? Mənimlə işin olmasın”. Kamal sərt baxışlı əsgərə baxdı. Kamalın yanındakı əsgər yaralını göstərib “heç sənin insafın yoxdur?” dedi. Əsgərlər əlbəyaxa oldular. Kamal ucadan “bəsdirin, bəsdirin” dedi. Kamal yaralının başını dikəldib “qardaş, qorxma səni burada qoymarıq, indi bizimkilər gələr dedi”. Kamal əsgərə “sən heç olmasa səngərdə gizlən görməsinlər. Görək haradayıq kim var, kim yox” dedi. Əsgər “sənə nə var, sən kimsən?”. Kamal təmkinini pozmadan “mən əsgərəm” dedi. Kamal bu oğlana əhəmiyyət vermədi. “Yəqin döyüş zamanı kontuziya alıb” fikirləşdi. Xəyalına dünən gedən döyüş gəldi. Hər iki tərəfdən atılan güllələr dolu kimi yağırdı. Bizimkilər hücuma keçmişdilər. Birinci səngərdən çıxıb, ikinci səngərdə daldalandılar. Ermənilər dayanmadan atırdılar. Kamalgilin dəstəsi ikinci səngərdə mövqelərini möhkəmləndirib əks hücuma keçdilər. Bilmirdi neçə saat idi atırdılar. Bir onu bilirdi ki, işıqlaşandan atırdılar, indi də hava qaralır. Şən-şün əlləşirdi. 

Kamal yanındakı əsgərə “yanında bir dərman var?”. Əsgər “hə, var” dedi. “Evdən hər ehtimala qarşı götürmüşdüm. Bu bint, bu da yod”. Kamal yaxınlıqda olan yaralının yarasına baxdı. Onun qolu pis gündə idi. Həm də qan axıb puşlatını təmiz islatmışdı. O əsgəri soyundurdu. Yaraya yod sürtüb bağladı. Ölən əsgərin puşlatını soyundurub buna geyindirdi. O biri qalan sağ əsgər bunların hər hərəkətini izləyirdi. Kamal digər yaralıya yaxınlaşdı. Bu bir az yaxşı idi. Bütün üzü torpağın içində idi. Qəlpə boş böyrünü sıyırıb keçmiş, kürəyi qəlpə yaraları ilə dolu idi. Bunu da soyundurdu. Yaralarına yod vurdu. Ancaq bint bütün yaraları sarmağa çatmadı. Puşlatını çıxarıb maykasını cırıb əsgərin yarasını sarıdı. Əsgər “sağ ol qardaş” dedi və Kamalın əlini bərk-bərk sıxdı. 

O səngərə uzanıb yola baxırdı.  Nə gələn var idi, nə gedən. Yaralı əsgər “su, su” dedi. O yanındakı əsgərə “adın nədir?” dedi. Əsgər “Hüseyn” dedi. “Hüseyn onlara su ver. Az ver ha”. Hüseyn “yaxşı” dedi. O biri əsgər durduğu yerdən tərpənməyib bunları izləyirdi. 

Artıq günorta idi. Yaralı əsgərlərdən biri “qardaş, yeməyə nəyiniz var?” dedi. Kamalın yadına düşdü ki, artıq ikinci gündür ki, acdılar. Dünən atışma, bu gün də belə. Kamal yanındakı əsgərə “Hüseyn sən buradan heç yerə getmə, gedim görüm meşədən nə ovlayıram” sonra mızıldandı. “Bu top-tüfəng səsində nə qalar”. Sürünə-sürünə meşəyə girdi. Ağacın dalında gizlənib meşəni dinlədi. Səs-səmir yox idi. O biri ağacın dalına keçdi. Yenə də səssizlik. “Ay Allah, kömək elə mən onlara bir şey aparım”. Səssiz oturub meşəni dinlədi. Quşlar da qorxub gizlənmişdilər. Xeyli ağacın dalında uzanıb gözlədi. Nə irəli gedə bilirdi, nə də əliboş qayıda bilirdi. Birdən kol tərpəndi. Kamal nəfəsini içinə çəkib baxdı. Ürəyinin tappıltısını aydın eşidirdi. Kol bir də tərpəndi. Kamal diqqətlə baxdı. Birdən erməni olar. Avtomatı hazır vəziyyətə gətirdi. Kolun dalından boz dovşan çıxıb qaçanda Kamal onu güllə ilə vurdu. Dovşan yerində qaldı. Kamal ehtiyatı əldən vermədi. Bir neçə dəqiqə ağacın dalından çıxmadı. Baxdı səs gəlmir. Gedib dovşanı götürdü. Başını kəsdi. Dərisini soyub içalatını çıxardı. “Dovşan bir az qanlı oldu, eybi yox” dedi. Ağaclara baxdı “nə gözəl meşədi, hər meyvədən var”. İki gün idi buralarda döyüşürdü meşəyə belə diqqətlə baxmamışdı. Meşənin içindən balaca çay axırdı. Suyu dumduru idi. Əyilib sudan doyunca içdi. Meşədən alma, armud, əzgil, nar yığıb qoynuna doldurdu. Bir az gəlmişdi ki, “birdən uşaqlar suzar, onlara su da aparım” dedi. Geri qayıdıb kaskasını su ilə doldurdu. Getdikcə su çalxalanır onun üstü islanırdı. Nəhayət gəlib səngərə çıxdı. Onu da fikirləşdi ki, burada nə erməni var, nə də bizimkilərdən. Olsaydı məni görərdilər. 

Kamal dovşanı Hüseynə verib “Hüseyn get aralıda od yandır, çox odun qoy, yandır, tez gəl səngərə, odu görüb atəş aça bilərlər”. Hüseyn “yaxşı” deyib getdi. Kamal qəlpə yarası alan əsgərə “al bu meyvələrdən ye” dedi. Qolu yaralı əsgərin yarasına baxdı. “Paho, qol yavaş-yavaş qaralırdı. Deyəsən qanqrena olub” fikirləşdi. Ucadan “dostum, sən necəsən, yaxşısan ha, qardaş”. Yaralı yenə də iniltili səslə “ölürəm” dedi. “Ölmə, indi bizimkilər harada olsa gələcəklər” Kamal dedi. Yaralı “hanı bəs”. Kamal meşədən gətirdiyi narı az-az ovcuna sıxıb əsgərə içirdirdi. “Qandı, qan, iç” dedi Kamal. Sonra salamat əsgərə “gəl, sən də ye, da bə”. Salamat əsgər “sən naxçıvanlısan”. Kamal zarafatyana “hə da bə”. Onlar gülüşdülər. Əsgər yaxına gəlib əlini uzatdı “adım Qurbandı” dedi. Kamal “mən də Kamalam da bə” dedi. Onlar yenə gülüşdülər. Kamalın bu zarafatı aralarında olan “buzu” əritdi. Kamal Hüseynə baxıb işarə etdi ki, “tez gəl”. Hüseyn-bu çəlimsiz, bığ yeri təzəcə qaralan oğlan cəld qaçıb gəldi. Hələ də o biri salamat əsgərə qanlı-qanlı baxırdı. Kamal dovşanı ortadan bölüb iki parça etdi. Gözlədi. Odunlar yanıb köz düşəndə gedib dovşanı közün üstünə atdı. Özü ilə götürdüyü beş-altı almanı da közə atdı. Ətin iyi-ac adam. Kamal dovşanın bir tərəfini götürüb qeyri-ixtiyari ağzına aparanda səngərdən ona baxan yoldaşları gördü. Əti oda atdı. Almaları çevirdi. İsti almaları puşlatının ətəyinə yığdı, ətləri isə əlinə alıb səngərə tərəf qaçdı. Qəlpə yarası alan əsgər özü yedi. Qolu qanqrena olan əsgər ağrıdan tərpənə bilmirdi. Kamal əti xırda-xırda didib əsgərin ağzına qoydu. Əsgər “yeyə bilmirəm” dedi. Kamal “somur at” dedi. Qurban Kamala “somur” nədi? Kamal “yəni suyunu ud, ətini at”. Ə, Qurban, sən yoxsa ədəbiyyat müəllimisən? Hər sözü təhlil edirsən. Güldülər. 

Kamal yaralı əsgəri bir təhər yedirtdi. Sonra bişmiş almaları da xırda-xırda doğrayıb yaralıya yedirtdi. Yeyib özlərinə gələn əsgərlər ordan necə çıxacaqlarını müzakirə etdilər. Hüseyn “gəlin özümüzə komandir seçək”. Qurban “komandir Kamal, dünəndən komandirlik edir”. Kamal “məndən komandir olmaz” dedi. Yaralılar da Kamalın komandir olmasını istədilər. Kamal “mənim boynuma məsuliyyətli iş qoydunuz. Bilmirik bizimkilər hardadır, ermənilər harada”. Ətrafa baxdı “siz burada qalın. Mən hava qaralan kimi kəşfiyyata gedəcəm”. Qurban “mən də səninlə gedəcəm” dedi. Kamal “yox sən burada qal”. Yaralıları göstərib “bunlara qulluq et”. Kamal puşlatını geyindi, kaskasını başına qoyub, avtomatı və bir neçə patron götürüb səngərdən çıxdı. Yaralılara “möhkəm durun ha”. Kamal gedəndən sonra səngərə dərin bir sükut çökdü. Nəm səngərdə uzanıb hərə öz aləminə qapıldı. Bir saat keçdi, iki saat keçdi, gecə yarı oldu, Kamal gəlmədi. Qurban “uşaqlar siz yatın, mən növbə çəkəcəm”. Hüseyn “Qurban, nə vaxt yuxun gəldi məni oyat dedi”. Qurban “yaxşı yat” dedi. O yaralıları yoxladı. Yatmışdılar. Qolu yaralı əsgər arada inildəyirdi. Dan yavaş-yavaş ağarırdı. Qurban fikirləşdi “mən heç sübh vaxtını görməmişəm, günəş dağın dalında nə gözəl görünür”. Kamal gedən yola baxdı. Heç nə görünmürdü “gəlmədi, ya öldü, ya da qaçdı. Yox, qaçana oxşamır. Mərd oğlandır”. Sübhün sərin havasında onu huş apardı. Yuxulamışdı. Hüseyn “Qurban, Qurban bir ora bax”. Qurban necə diksindisə, avtomat əlindən yaralı əsgərin üstünə düşdü. Qurban “bağışla deyəsən yatmışdın”. Uzaqdan iki qaraltı gəlirdi. Dallarında da çanta. Qurban həyəcanla “erməni olarlar, eh olarlar, olarlar, biz səngərdəyik, onları aydın görürük, vura bilərik, yox birdən Kamal olar. Kamal tək getmişdi axı, bunlar ikidir”. Hüseyn “Qurban neyləyək”. Bu dəfə də Qurban özünü böyük kimi apardı. Axı, Hüseyn gənc əsgər idi. Hərbi xidmətə 10-11 ay idi çağırılmışdı. Qurban “gözləyək, həm nişangaha gəlsinlər, həm də birdən Kamal olar”. Hüseyn “Kamal tək getmişdi. Bunlar ikidi, həm də yüklü”.

Yaralılar da başlarını qaldırıb yola baxırdılar. Qolu yaralı əsgərin iniltisi kəsilmirdi. Qurban “Ə, Hüseyn, o biri Kamala oxşayır”. Hüseyn “nə bilim, bir az da gəlsinlər, baxarıq”. Qəlpə yarası alan əsgər “birdən bizi qoyub gedərsiz ha”. Hüseyn “elə iş olar? Bir gəlmişik, bir yerdə də gedəcəyik”. Qurban o qədər həyəcanlı idi ki, qaraltını tanıya bilmirdi. Uzaqdan fit səsi gəldi. Kimsə onlara əl edir, papağını yellədirdi. Hüseyn “Ə, deyəsən Kamaldır, hə, hə, Kamaldır, dana, gələn”. Qurban da tanıdı. “Bəs, yanındakı kimdir?” Hüseyn səngərdən çıxıb əllərini yellədi. Yaralılar da ümid dolu baxışla baxırdılar... Artıq  Kamal aydın görünürdü. Yaxına gəldi. Qurban “gəl çıx da bə”. Kamal “Əbə, qardaş, gəldim da bə”. Onlar neçə ilin dostu kimi qucaqlaşdılar. Hüseyn Kamalın boynuna atılıb, o üzündən bu üzündən öpdü. Kamal yaralılara yaxınlaşdı “siz necəsiniz dedi”. Onlar “yaxşıyıq” dedilər.  Kamal “əvvəl yaralılara qulluq edək, sonra başıma gələnləri sizə danışacam”. O yanında gətirdiyi əsgərə “dərman gətir” dedi. Əsgər tez çantasını açdı, dərmanları çıxardıb, əvvəl qolu yaralının yarasını açdı. Yara pis gündə idi. Dərman vurdu. Qurban yaraya baxa bilmədi. Üzünü yana çevirdi. Əsgərə “bir tikə çörək ye, sonra dərman verəcəm ağrın kəsəcək”. Sonra qəlpə yarası alan əsgərin yarasına baxdı. Onun da yarasına dərman vurdu. Yaranı sarıdı, qarın nahiyəsindəki yaraya baxdı. Onu da dərmanladı. Kamal və Hüseyn həm xəstələrə baxan əsgərə kömək edir, həm də yaralıların paltarını çıxardıb, geyindirirdi. Yaralıları rahatlayandan sonra onlara yemək verdilər. Gün batmamış çörək yeyək, sonra qaranlıq düşəcək, od yandıra bilmərik. Çantanı açıb pendir, çörək bir də termosu çıxardı. Tez yaralılara dürmək tutdu. Termos qapağına çay süzüb öz əlləri ilə yaralılara içirtdi. Yaralı əsgər “Kamal, sənin hörmətindən, sağ qalsam, necə çıxacam?”. Kamal “ə qardaş bəsdir da bə”. Kamal görürdü onun “qardaş da bə” deməsi əsgərlərin kefini açırdı, bu sözü tez-tez işlədirdi. Özləri də çörək yedilər. Əsgər yaralılara ağrı kəsici dərman verdi. Kamal “hə, indi başıma gələnləri danışım. Sizdən ayrılandan sonra gah süründüm, gah da gizlənib bir kəndə çatdım. Kəndi ermənilər bir günə qoyub, deyiləsi deyil. Evlərdən bir neçəsini gəzdim, axır ki birində yemək tapdım. Baxdım çaydan var, termos var. Çay qaynadıb termosa töküb gətirdim. Sən demə mən kəndə girəndə Kamran-bu oğlan məni görüb. Təcili yardım maşınında tibb qardaşı işləyirmiş. Maşın minaya düşüb, Kamran təsadüfən sağ qalıb. O da yaralıdır. Bu tibb çantası da onun yanında idi. Məni əvvəl erməni bilib, elə bilib ermə­ni Azərbaycan əsgərinin paltarını geyinib. Mən onu görmürdüm. Yaxınlaşanda rusca “əllər yuxarı” dedi. Mən onu görüb dedim. Azərbaycanlıyam. Kamranı da götürüb gəldim. Kamran deyir irəlidə güclü atışma olub. Ermənilər arxadan bizimkiləri mühasirəyə alıblar. Ancaq bizimkilər öz­lərini yetirərək mühasirəyə düşən əsgərləri mühasirədən çıxarda biliblər. Kamran deyir sabah səhər bizim “pexota” gəlib buraları təhvil alacaq. Yenə də biz səngərdə qalmalıyıq. Səhər tezdən yola çıxmalıyıq”. 

Araya dərin sükut çökdü. Heç kim danışmırdı. Kamal bu sükutu öz zarafatı ilə pozdu. “Ə, bə qardaş noldu?”. Qaranlıq çökmüşdü. Hərə öz aləmində idi. Qolu yaralı əsgər inildəyirdi. Kamal ona çay verdi. Kamal “əsgər sənin adın nədir? İki gündür burdayıq adını da bilmirik”. Yaralı əsgər “adım Qəşəmdir. Könüllü gəlmişəm. Qəbələdənəm.... Susdu. Uşaq evində böyümüşəm. Anam vəfat edib, atam yenidən evlənib. Analıq məni yola aparmayıb. Atam məni detdoma-uşaq evinə qoyub. Əvvəllər gələrdi, “ah çəkdi” sonralar gəlmədi. Mən orta məktəbi bitirib, hərbi xidmətə getdim. Özümə təzə iş tapmışdım ki, xəbər gəldi müharibədir”. O dərindən nəfəs aldı. Dərman atdığından deyəsən, ağrısı azalmışdı. “Mən də könüllü yazıldım”. O yenə susdu. Kamal onun başını sinəsinə sıxıb “fikir eləmə, dedi, gəldin müharibəyə nə qədər qardaşın oldu”. Hamı kövrəlmişdi. Qəşəm   ağladı. “Kamal bilmirəm bu yaradan sağ çıxacam ya yox. Bir arzum var. Mənə lay-lay de.  Kamala baxdılar. O da bilmirdi Qəşəm bu yaradan sağ çıxacaq, ya yox, qolu dirsəyə qədər qaralmışdı. Bəlkə bu onun son arzusu olacaqdı. Kamal onun başını dizinin üstünə qoyub:

Lay-lay dedim yatasan, qızıl gülə batasan,

Qızıl gülün içində şirin yuxu tapasan.

Lay-lay balam, a lay –lay

Qəşəm balam a lay-lay.

Hamı Kamalın avazla oxuduğu laylasından kövrəldi. Kamal da ağladı. Qəşəm “sağ ol, Kamal. Anam olmadığından mənə lay-lay deyən olmayıb. Sağ ol Kamal”. Kamal “ə qardaş mənim anam, sənin anan. Bu gündən mənim qardaşımsan” dedi və əyilib Qəşəmin gözlərindən öpdü. Hüseyn “bəsdirin dana” susdular. Qurban torpağa kürəyini söykəyib göyə baxırdı. O ulduzları bu qədər aydın görməmişdi. Şəhərdə yaşadığından heç vaxt göydəki ulduzlar belə işıqlı gəlməmişdi ona. Hər tərəf qaranlıq, ulduzlar aydın. Qurbana elə gəldi ulduzlardan xoşbəxti yoxdu. Onlar Qurbana gülümsəyirdilər. Qəlpə yarası alan əsgər bir azdan yerdən qalxıb yarı oturaq vəziyyət aldı. Kamala “mənə bir qurtum çay ver”. Kamal qaranlıqda əlini termosa tərəf uzadıb onu tapdı. Qapağını çıxardıb çay süzdü, əsgərə içirtdi. Yaralı əsgər çayı içib, “sag ol, Kamal” dedi. Yaralı əsgər “iki gündür bir yerdəyik adımı bilmirsiz. Adım Kənan, özüm də Zaqataladanam. Atam, anam, bacım, bir də istədiyim qız var. Anam razi deyil o qızla evlənim”. O susdu. “Bilirsiz bizim tərəflər necə gözəldi. Güllər diyarı. Müharibə qurtarsın bizə qonaq gələrsiz. Kamal heç Zaqatalanı görmüsən?” Kamal “yox” mənasında başını tərpətdi. Bunu Kənan görmədi. Kamal yenə sükutu pozdu “ə qardaş toyuna gələcəm”. Kənan astadan “ya qismət” dedi. O əlini puşlatının altından yarasının üstünə qoydu. Yenidən başını nəm torpağa qoydu. Kamal “inşallah, müharibə qurtarar yığışarıq bir yerə”. Kamal “mən Naxçıvandanam. Bakıya gəlmişdim. Bu pandemiya ilə bağlı kəndə qayıda bilmirdim. 27-də müharibə başladı...”. Susdu. “Hərbi Komissarlığa getdim ki, məni də müharibəyə aparsınlar. Dedilər sən buranın uçotunda deyilsən. Hərbi Müdafiə Nazirliyinə getdim. Uzun soz-söhbətdən sonra razılıq aldım. Üç uşağım var. Anam mənim hər şeyimdir. Onu heç kimlə dəyişmərəm. Hər gün danışıram. Ə, Qəşəm təkcə anamı səninlə bölüşəcəm. Müharibə bitsin, gələrsiniz Naxçıvana. Sizi Möminə xatın məqbərəsinə, Xan sarayına, İbn-Yusif Küseyir türbəsinə, Batabata, Əshabi-Kəhf ziyarətinə, İmamzadəyə, Pir Süleyman ziyarətgahlarına aparacam. Bilirsiz, bizim yerlər necə gözəldir. Oralar üçün  bu qədər darıxacağımı bilməzdim...”. Susdu. “İndi bildim bu qaçqınlar nə çəkirmiş”. Qurban susmuşdu. O yenə göyə baxırdı. Hüseyn “mən isə Goranboydanam. Uşaqlığım çətin keçib. Çox kasıbıq. Peraşki satırdım. Tay-tuşum toyda oynayanda mən deyirdim oynaya bilmirəm. Şabaş verməyə pulum yox idi. Deyirdim oynaya bilmirəm”. Susur... “Bilirsən, Kamal keçirdim mağarın arxasına ya da bir daldala yerə ay oynayırdım”. Güldü. Əsgərlərin də dodağı qaçdı. “11 ayın əsgəriyəm, az qalıb hərbi xidmətimi başa vurum. Müharibənin bu qədər ağır olduğunu bilməzdim...”. Yenə sükut çökdü. Yaralılar dərmanın təsirindən yatmışdılar. Tibb qardaşı da yatmışdı. Qurban “mən də danışım. Sabah necə olacaq, harada olacağıq bilmirik. Şəhər uşağıyam. Hər şeyim-evim, iki maşınım var. Nə istəyirdim həmin saat olmalıydı. Bir sözüm, iki deyildi. Gecələri özüm kimi dostları başıma yığıb səhərə qədər küçələrdə avtoşluq edirdim. Gecə saat beşdə restoran açdırmışam. Bu həyat məni sıxırdı. Mən də könüllü yazıldım. Evdəkilərə dedim rayona gedirəm. Demədilər ki, ay bala xəstəliyin bu vaxtı hara gedirsən. Bilmirlər müharibədəyəm”. Susdu. “Dünən sizə elədiyim kobudluğa görə üzr istəyirəm. Köhnə hava burnumda qalmışdı. Heç kim mənə göstəriş verə bilməzdi. Kamal, sənin bu yaralılara, bizə qarşı elədiklərin məni çox dəyişdi. Utandım”. Susdu. “Müharibə mənə həyat dərsi verdi. 10-15 gündü burdayam yeyib-içdiyim dostlarım məni axtarmır...”. Susdu. “Uşaqlar bir təklifim var. Mənim xeyli torpağım var. Hərənizə bir neçə sot verərəm. Bir yerdə ev tikək, qonşu olaq. Qəşəm, Hüseyn, Kamal mənim qardaşımsınız. Qəşəm, Hüseyn sizi işə də düzəldəcəm. Ünvan verəcəm. Müharibədən sonra bizə gələrsiniz. Siz mənim əzl dostlarımsınız”. O Hüseyni qucaqladı. “Kamal sənin bizə tapşırıq verməyini götürə bilmirdim. Bunları mən edə bilməzdim. Sən anadangəlmə komandirsən”. Susdu. Onlar bir-birlərinin əllərini tutub, xeyli beləcə durdular. Onlar üşüyürdülər. Kamal “kürək-kürəyə durun, onda üşüməzsiniz”, o qolu yaralı əsgəri qucağına aldı ki, kürəyi nəm torpaqda qalmasın. 

Səhər gün çıxar-çıxmaz ayağa durdular. Tibb qardaşı yaralıların yarasına yenə dərman vurub bağladı. Artıq yola çıxmaq vaxtı idi. Yaralıları aparmaq lazım idi. Hüseyn Qəşəmi dalına almaq istəyəndə Qurban irəli keçib “ver mənə Hüseyn”. “Aparıram dana” Qurban zarafatla “dana”nı sən apar, mən Qəşəmi aparacam”. Kamal da Kənanı kürəyinə alıb Hüseynə “sən bizi qoru” dedi. Onlar asta-asta yola çıxdılar. “Pexota”nın nə vaxt gələcəyi məlum deyildi... 

 

Kərimova Tərifə Məmməd qızı,

Şərur  rayon Mahmudkənd tam orta 

məktəbinin müəllimi

0 0

Oxşar xəbərlər