Soyuq, Şaxtalı Fevral ayı
24-02-2021, 18:24
5 587

Soyuq, Şaxtalı Fevral ayı

    Soyqırım nədir? Bu cinayətin arxasında  hansı mənfur qüvvələr dayanır?

    Soyqırım - etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə  tam və ya qismən məhv edilməsidir. Dünya tarixində çoxlu soyqırımlar baş vermişdir.

    İnsanları kütləvi surətdə öldürmək, yer üzündən silmək kimi vəhşi, vandalcasına törədilən qətliamlar çoxdur. XX əsrin sonlarında, daha dəqiq desək, 1992 - ci il fevralın 26 - da baş vermiş Xocalı hadisəsi tarixdə dərin iz qoymuşdur. 

    Xatın, Ruanda, Sonqmi və digər soyqırımları ilə yanaşı dayanan Xocalı faciəsi daha amansız, qəddar qətliam idi.

    Xocalı soyqırımını   “Böyük Ermənistan” yaratmaq fikrinə düşən erməni siyasi və dövlət rəhbərləri, xaricdə yaşayan erməni lobbiləri xəyallara dalıb onu gerçəkləşdirmək üçün Xocalı hadisəsini törətdilər. Güclü vətən sevgisinə sahib olan Azərbaycanlılara qalib gələ bilməyən ermənilər belə bir vəhşiliyə əl atdılar. Ermənistan silahlı qüvvələri Azərbaycan xalqını vətənin müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, mənfurcasına, namədcəsinə insanların mübarizə əzmini qırmağa çalışdılar.

   Fevralın 25 - dən 26 - na keçən gecə Xocalı hadisəsi baş verdi. Planlı şəkildə günahsız insanları, əliyalın sakinləri erməni terrorçuları Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti ilə birlıkdə bu hadisəni törətdilər.

  Soyuq, şaxtalı fevral ayı. Gecə Xocalılar öz evində yatarkən dinc əhalini namərd düşmən evlərə soxularaq amansızcasına qətlə yetirirdilər. Hətta meyidlərin üzərində ağlasığmaz vəhşiliklər törədirdilər. Güllə səsinə oyanan xocalıları   apardılar. Qeyri - bərabər vəziyyətdə baş verən bu hadisədən insanları xilas etmək üçün meşə ilə ərazidən çıxmağa çalışdılar. Kimi düşmən tərəfindən vuruldu, kiminin ayaqlarını şaxta vurdu, kimisi əsir düşməmək üçün özünə qəsd etdi. Ağsaqqal babaların, ağbirçək nənələrin, günahsız körpələrin günahı nə idi?

                                                         Əzizinəm, Xocalı,

Laçın, Şuşa, Xocalı,

  Dünya belə müsibət,

 Görməmişdi, Xocalı!

    Xocalıda törədilən soyqırım hadisəsinə bir çox dünya ölkələri göz yumurdular. İnsanların hüquqları, haqları vəhşicəsinə pozulmuşdu. Erməniləri dəstəkləyən   ölkələr  bu hadisəni soyqırım kimi tanımaq istəmirdilər.

    Xocalıda olan insanlara vurulan zərbə tarix boyu unudulmaz. Həmin gecə şəhəri od - alov bürümüşdü. İnsanlar bilmirdilər ki, nə etsinlər. Qarşıda onları nələrin gözlədiyindən tam xəbərsiz idilər. Bir neçə ailənin bütün üzvləri qətlə yetirildi. Valideynlərinin gözü qarşısında övladlarına min bir əzablar, insanlığa sığmayan işgəncələr verməklə öldürürdülər. Əsir düşməmək üçün öz canlarına qəsd edənlərdə çox oldu.

    Xocalı faciəsinin dünya səviyyəsində soyqırım kimi tanınmasına da mane olan qüvvələr var idi. Ermənilərin havadarları bu hadisənin ictimailəşdirilməməsi üçün əllərindən gələni edirdilər. Çingiz Mustafayevin lentə aldığı videoçəkiliş, çəkilən şəkillər dünya ölkələrində nümayiş etdirildi. Ermənilər yenə də murdar əməllərindən əl çəkmir. Xocalı faciəsinin soyqırım kimi tanınmasını istəmirdilər.

    Xocalı soyqırımında 613 nəfər həlak olmuşdur. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocadır.

    8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini itirib. 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər yaralanıb ki, onlardan 76 nəfəri uşaqdır. 1275 nəfər əsir götürülüb. 150 nəfər itkin düşüb.

    İnsan yer üzünün əşrəfidir. İnsan ali varlıqdır. Tolerant bir xalq kimi nümunəvi olmuşuq. Amma bundan sui - istifadə edənlər çox olub. Ermənilərin törətdiyi cinayət bunun bariz nümunəsidir. Günahsız dinc əhaliyə divan tutdular, faşistlərin etdiklərindən betərini etdilər. Torpağı olmayan ermənilərə öz torpağımızda yaşamağa icazə verdik. Yaxşılığın qarşılığı belə olmalı idi? Xocalı faciəsi, dünyaya sığmayan acılarla dolu, amansız bir faciədir.

    Xocalı! Başı bəlalı Xocalı! Günahsız insanların yaşadığı yer Xocalı! Qeyrətli oğulları, qızları ilə fəxr olunası Xocalı! Sinəsində oğul dərdi, qız dərdi, körpə, yaşlı dərdi yaşayan Xocalı! Sonu görünməyən vəhşiliklərə şahid Xocalı! Körpələrin imdad səsini, anaların fəryadını dinləyən Xocalı! Köməksiz, arxasız qalan Xocalı! Sinəsinə dağ çəkilən Xocalı! Namərd düşmənin vədəsiz haqladığı Xocalı! Həmin gecə haqq - ədalət haradaydı görəsən? Onların fəryadı ərşə dayanmışdı. Xocalıda haqq - ədalət yox idi. Xocalıya ədalət! Xocalıya mərhəmət! Xocalını unutmamaq! Tarixə yazılmış bu hadisəni heç vaxt unutmarıq. Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən bir cinayətdir.

    Vətən torpağının gücü yenilməzdir. Azərbaycan torpağının hər qarışı toxunulmazdır. Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycanındır! 

 

Laçın rayon 7 nömrəli tam orta məktəbinin

Ibtidai sinif müəllimi Qarayeva Sayad

88 7

Oxşar xəbərlər