İmişli rayonunun ümumtəhsil məktəbləri arasında "Məktəblərarası onlayn bilik yarışları" layihəsinə start verildi
13-03-2021, 12:41
126

İmişli rayonunun ümumtəhsil məktəbləri arasında "Məktəblərarası onlayn bilik yarışları" layihəsinə start verildi

İlk yarış A.Eminov adına şəhər 7 saylı tam orta məktəbin biologiya müəllimi Leyli Əliyevanın dərs dediyi VI sinif şagirdləri ilə R.Məmmədov adına Əliqulular kənd tam orta məktəbinin biologiya müəllimi Taleh Cavadovun dərs dediyi VI sinif şagirdləri arasında baş tutmuşdur. Məktəblilər arasında yarış "Çiçək, çiçək qrupları” mövzusunda təşkil olunmuşdur.

Tədbir əvvəldən sona kimi onlayn tətbiqlərdən istifadə olunmaqla qurulmuşdu. Yarış zamanı “Sway” proqramından istifadə edilmişdir.
Leyli Əliyeva tərəfindən məsələyə daha yaradıcı yanaşılmışdır. Tədbirdə 7 veb alətindən istifadə olunub:

1. “Sway” proqramında təqdimat;
2. “LearningApps” proqramında çiçəyin sxem şəkil üzərində soruşulması;
3. “LearningApps” proqramında əsl çiçəyin görünüşü olan şəkil üzərində çiçəyin hissələrinin axtarılması;
4. “LearningApps” proqramında çiçək qruplarının bitkilərlə əlaqəsinin tapılması;
5. “LearningApps” proqramında milyonçu oyunu vasitəsi ilə "Qarabağın flora və faunası"na aid suallar ətrafında şagirdlərin yarışması;
6. Şagirdlərin çiçək qrupunu onlayn təqdimatlar formasında “Youtube” portalı üzərindən təqdim etməsi;
7. “Whell of Names” çarxını hərəkətə gətirməklə çiçək qruplarını aplikasiya edərək seçilən adları plastilin və ya kibrit çöpü vasitəsi ilə düzəldərək şagirdlərin bacarıqlarını nümayiş etdirməsi; 

Eləcə də Azərbaycanın simvolu hesab edilən Xarıbülbülün quruluşu, tozlanması “Youtube” vasitəsi ilə nümayiş olundu. Həm şagirdləri, həm də məktəbin bacarıqlı müəllimini dəstəkləyən məktəb rəhbərləri: Əliqulular kənd tam orta məktəbin direktoru, Əməkdar müəllim Səxavət Tağıyev və şəhər 7 saylı məktəbin gənc direktoru Ramil Möhbalıyev müəllimlərə mənəvi dəstək olaraq tədbirə hər cür şərait yaratmışlar.

Tədbir hər iki məktəbin müəllim və şagirdləri tərəfindən maraqla qarşılanmışdır. 
Bu gün İmişli Rayon Təhsil Şöbəsi rəhbərliyinin tədbir iştirakçıları ilə onlayn görüşü keçirildi.

Məsələnin mahiyyəti, uğurları ətraflı müzakirə edildi və nəticələr yüksək qiymətləndirildi.
Bilik yarışında iştirak etmiş şagirdlərə məktəb direktorlarının imzası ilə sertifikatlar verildi.
Onlayn keçirilən görüşün sonunda bilik yarışmasının təşkilatçıları olan İmişli şəhər A.Eminov adına 7 saylı tam orta məktəbin biologiya müəllimi Leyli Əliyevaya və R.Məmmədov adına Əliqulular kənd tam orta məktəbin biologiya müəllimi Taleh Cavadova
İmişli Rayon Təhsil Şöbəsinin təşəkkürnaməsi təqdim olundu. 
Rayonumuzun bütün ümumtəhsil məktəbləri üçün örnək olacaq bu tədbirin müxtəlif formatlarda digər məktəblərimiz arasında da keçiriləcəyinə ümid edirik.

Vahid Tağıyev,
İmişli RTŞ-nın müdir müavini




2 0

Oxşar xəbərlər