"Şəhər məktəbi ilə kənd məktəbi arasındakı fərq"
17-03-2021, 23:13
526

"Şəhər məktəbi ilə kənd məktəbi arasındakı fərq"

 Biz bu həyatda bir amala xidmət etmək üçün bir peşəyə,sənətə yiyələnməliyik və bu peşəyə, sənətə gedən yol mütləqdir ki məktəbdən keçir. Bəzilərimiz şəhər məktəbində, bəzilərimiz kənd məktəbində təhsil alırıq. Gedəcəyimiz yolda və ya alacağımız təhsildə bunun bir fərqi yoxdur, amma bu məktəblərdə dərin fərqlər vardır. Misalçun kənd məktəbləri... Buradakı siniflərdən gül ətri gəlmir... Buradakı şagirdlərdən şəhər məktəblərindəki şagirdlər kimi bahalı ətir qoxusu da gəlmir heç.bŞəhər məktəblərinin səs-küyü, dəcəlliyi də yoxdur burada..
Bəyənirəm  buraların saflıq dolu ab-havasını. Şagirdlərdəki ədəb-ərkan, qanacaq, tərbiyəni bəyənirəm. Onların simasındakı saflığı, təmizliyi, ədəbi bəyənirəm. Ən əsası da bilirsənmi nəyi bəyənirəm? Buradakı şagirdlərdəki öyrənmək həvəsini. Məhdud imkanlarla əlçatmaz arzularına qovuşmaq istəyi, gözlərindəki öyrənmək eşqiylə parlayan  qığılcım bəlkə də gələcəkdə alova dönüşəcək neçə-neçə uğur hekayəsinin başlanğıcıdır.
Mənə ən çox qəribə gələn nədir bilirsən? Eyni vətən, eyni torpaq, eyni hava, eyni su. Amma ürək başqa, gözlərdəki nur başqa, istək,amal başqa. Tərbiyə başqa, tərbiyə edilmə şəkli başqa. Kənd məktəbində lovğalıq məfhumu acizləşir sanki. "Lovğalıq" özü belə buradakı sadəliyə, təvazökarlığa baş əyir. Buradakı uşaqların hamısını sadə, təvazökar görərsən. Valideynləri də, belə olduqları üçündür yəqin. Buradakı valideynlər, biri səni döyəndə , sən də onu döy, müəllim sənə acıqlananda cavabını ver deyə tərbiyə etməzlər balalarını.
Buradakı valideynlər "oğlum ayıbdır, qonşuyuq, üz-üzə gəlirik hər gün, güzəştə get" deyərlər. Bəlkə də, bu səbəbdəndir ki, daha çox sevirəm kənd uşaqlarını. Axı necə sevməyəsən onların saflıqlarını, təmiz qəlblərini, kin-küdurət, paxıllıq nədir bilməyən ürəklərini?!
Utanmaq duyğusunun hələ də mövcud olduğunu,mən kənd məktəbində gördüm. Sənə salam verərkən utanan uşaqlar, insanı hələ də bu dünyada nələrinsə tam ölmədiyinə, bitmədiyinə,tükənmədiyinə inandırır. Öyrənməyə ac və həvəsləri gözlərindən oxunan uşaqlar-Oyrətmək istəyən gənc, məslək eşqi olan bir insana bundan artığı lazım deyil məncə.

    Günel Süleymanova
Yardımlı rayonu Qabaqdibi kənd E.B. Adışov adına tam orta məktəbin
 Azərbaycan dili və ədəbiyyatı müəllimi
13 0

Oxşar xəbərlər