Şuşanın yaz Günəşi - Esse
25-03-2021, 09:54
231

Şuşanın yaz Günəşi - Esse

     Otuz il sürən sonuncu erməni məzalimi bitəndən sonra nəhayət ki, Qarabağın qaranlıq günləri də sona çatdı, bu gözəl torpaqlarda Günəş yenidən doğdu. Hər Novruz bayramında xalqımızın bir-birinə arzuladığı “Uca Allah gələn Novruzu bizlərə Şuşada keçirməyi nəsib etsin” — arzusu bu gün çin çıxdı. Ölkə başçısı, Müzəffər Ordumuzu Ali Baş Komandanı İlham Əliyevin Şuşada, Cıdır düzündə şölələndirdiyi Novruz tonqalı bir daha bu torpaqlara yağı ayağının dəyməyəcəyini, uşaqlarımızı daha xoşbəxt, daha təhlükəsiz gələcək gözlədiyini bütün dünyaya elan etdi.

     Bu Novruzun Qarabağda, Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada qarşılanması Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları üçün çox əlamətdar hadisə oldu. Əgər 44 günlük şanlı Vətən müharibəsi dövründə dünya Azərbaycan xalqının dəmir yumruq kimi möhkəm birliynin şahidi oldusa, Şuşada yandırılan Novruz tonqalı ilə bu şəhərin, bütün Qarabağın azərbaycanlılar üçün nə qədər əziz olduğunu da eləcə gördü. Əziz Şuşa, sən azadsan — deyən bütün xalqımız kimi, ötuz il ərzində Novruz hərarətinə, Novruz sevincinə həsrət qalmış Şuşanın da sevinci yerə-göyə sığmadı. Həmin gün sanki Günəş də sevindi. Dumanlı günlərdə başı çox acılar çəkmiş Şuşa dağlarına bu gün masmavi səmadan bərq vuran Günəşdən də bayram payı vardı. İlıq yaz Günəşi!

     Yaz Günəşi yeni həyat, yeni nəfəs deməkdir. Xarı bülbülün nakam məhəbbətinə yuva olmuş gözəl Şuşaya doğan yaz Günəşi kimi Şuşada yandırılan Novruz tonqalı da bütün Qarabağımıza yeni nəfəs gətirdi. Qarabağ eşqi ilə nəfəs alan hər bir azərbaycanlının ürəyində yaşayan Şuşaya qovuşmaq, Şuşanı canlı görmək hisləri bir daha alovlandı. Hələ illər öncəsi “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur” — deyən ulu öndərimiz Heydər Əliyev sanki bu gözəl günlər üçün söyləmişdi bu dəyərli sözləri. Artıq Şuşa səsləyir, Qarabağ gözləyir bizi. İndi bizim Şuşanın görüşünə getmək, Qarabağımızın hər qarışında cənnət yaratmaq vaxtımızdır. Yaz Günəşi yüksəlib, Murovun zirvəsində illərin donub qalmış qarları əridikcə Qarabağ çölləri də yeni libasına bürünəcək, otuz il əvvəl buradan gözüyaşlı çıxmış insanların, onların övladlarının isti nəfəsinə qovuşacaq. Beləcə, Qarabağ sevgisinin şirin vüsalına qovuşmuş Azərbaycan xalqı qəhrəman əsgərləmizin dastana döndüyü bu torpaqlarda minillər sonra da yaz Günəşinin doğuşuna sevinib, əziz şəhidlərimizin ruhunu rəhmətlə yad edəcək.
  Qoy heç zaman Günəşimiz sönməsin!


Məsmə Nəcəfova
 
3 0

Oxşar xəbərlər