İndi Azərbaycan xalqı öz tarixinin ən şanlı səhifəsini yaşayır.
27-03-2021, 22:15
135

İndi Azərbaycan xalqı öz tarixinin ən şanlı səhifəsini yaşayır.

 İkinci Qarabağ müharibəsi bizim şanlı Qələbəmizlə başa çatdı. İllərlə düşmən işğalı altında olan torpaqlarımız işğalçılardan azad edildi. Bütün dünya gördü ki, Azərbaycan xalqı yenilməz, onun Ordusu məğlubedilməz Müzəffər Ordudur. Bu məğlubedilməzliyin əsas səbəbi xalq, ordu və iqtidar birliyindədir.

        Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında oldu. Şuşa şəhərinə yol çəkilməsi ilə bağlı göstəriş verdi. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşaya aparır. Bu səfər Müzəffər Ali Baş Komandanın güclü siyasi iradəyə malik bir dövlət xadimi olmasını düşmən ölkəyə, eləcə də bütün dünyaya göstərdi. Həqiqətən də müharibə bitər-bitməz Qarabağda başlanılan Füzuli-Şuşa yolunun və  Füzuli beynəlxalq hava limanın təməlinin qoyulması, işlərin sürətlə davam etdirilməsi çox mühüm hadisə olmaqla yanaşı Azərbaycan dövlətinin iqtisadi gücünün göstəricisidir.

        Novruz bayramında Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın işğaldan azad edilən Şuşa şəhərinə səfər etməsi bir tərəfdən milli bayramımız olan Novruz şənliyinə verilən qiymətdirsə, digər tərəfdən şəhidlərimizin ruhuna olan hörmət və ehtiramın bariz nümunəsidir. 

       Şuşa şəhərində olan Ali Baş Komandan Müzəffər Azərbaycan Ordusunun əsgər və zabitləri ilə görüşü zamanı noyabrın səkkizi gününün Azərbaycan tarixində əbədi qalacağını bildirib. Qəhrəman əsgərlərimizin meşələrdən, dərələrdən, dağlardan keçərək Şuşaya daxil olduğunu bildirib. Doğurdan da Şuşanın erməni faşistlərindən xilas edilməsi xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutur. Şuşanın azad olunması düşmənə vurulan ən böyük zərbə idi. Təsadüfü deyildi ki, həmin gün Zəfər Günü kimi təsis edildi. Uzun müddət idi ki, ermənilər onlarla heç bir tarixi əlaqəsi olmayan Şuşa şəhərini erməni şəhəri kimi qələmə verirdilər. Tarixdən yaxşı bildiyimiz kimi Şuşa şəhərinin əsası 18-ci əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Şəhər əvvəlcə onun şərəfinə Pənahabad adlandırılsa da, sonradan Şuşa adlandırılıb.

       Ali Baş Komandanın dediyi kimi işğal dövründə digər işğal olunmuş şəhər və kəndlərimiz kimi Şuşa şəhəri də erməni vandalizminin qurbanı olmuşdur. Binalar, müqəddəs yerlər, məscidlərimiz yerlə-yeskan edilmiş, məscidlərimizdən heyvanları saxlamaq üçün istifadə edilmişdir. İnsanlar dədə-baba torpaqlarından qovulmuş, soyqırıma məruz qalmış, tarixi abidələrimiz dağıdılmış, sökülmüş, yerlə-yeskan edilmişdir. Şuşa şəhərinin mərkəzi meydanında yerləşən Karvansaray tarixi-memarlıq kompleksi, Şuşa Dövlət Rəsm binası, Şuşa Xalça Muzeyi də erməni vandalizmindən yan keçməyib.

        Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ermənilərin Şuşa şəhərini erməni şəhəri kimi qələmə verməsi, xalqımızın hissləri ilə oynaması, qondarma rejimin “parlamenti” nin 2021-ci ildə Şuşaya köçürülməsi, Şuşada yallı oynayaraq səbrimizi sınağa çəkməsi mütləq şəkildə cəzalandırmalı idi. Belə də oldu! Xalqımız, Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında 44 gün müddətində işğal altında olan torpaqlarımızı azad etdi.

        Prezidentin Şuşaya səfəri zamanı “güllələnmiş heykəllər” də Qələbəmizin rəmzi kimi mədəniyyət beşiyi olan Şuşa şəhərinə (Xurşudbanu Natəvanın, Uzeyir Hacıbəyovun, Bülbülün büstləri) geri qaytarıldı. Prezidentimiz Şuşa şəhərini ziyarət edərkən müharibənin şəhidlərimizin canı, qanı bahasına, hərbiçilərimizin şücaəti hesabına qazanıldığını bildirdi.

        O şəhid ailələrinə, qazilərə dövlət tərəfindən güzəştlərin daim olunduğunu bildirərək, bundan sonra da bu insanların həyat şəraitinin yaxşılaşdıracağını, onların daim qayğı ilə əhatə olunacağını, növbədə olan bu insanların mənzillərlə, evlərlə təmin olunacağını bildirdi. Eyni zamanda Müzəffər Ali Baş Komandan tezliklə Şuşa şəhərində yenidənqurma işlərinin həyata keçiriləcəyini, Vaqifin məqbərəsinin və büstünün bərpa olunacağını bildirdi. Şuşada mədəniyyət mərkəzi kimi müasir məktəblər, komplekslər, otellər tikiləcək. Dünyanın ən gözəl şəhərlərindən biri olacaq. Artıq bu işlərə start verilib. 

         Prezident Şuşadan Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edərək bildirdi ki, onlar yenidən baş qaldırsalar bir daha dəmir yumruqla üzləşəcəklər. Yaxşı olar ki, Ermənistan bundan sonra bir dövlət kimi gələcəyi haqqında düşünsün. Qonşu ölkələrə əsassız torpaq iddialarından əl çəksin. Çünki Azərbaycan bölgədə yeni geosiyasi reallıqlar yaratmışdır. 

        Şuşa şəhərində çıxışı zamanı Ali Baş Komandanın dediyi kimi, “Azərbaycan xalqı Şuşada bundan sonra da əbədi yaşayacaq! Şuşa bizimdir. Qarabağ Azərbaycandır!” 

İmişli RTŞ- nin müdiri: Ələmdar Quliyev
0 0

Oxşar xəbərlər