Məktəblərimiz “Microsoft” şirkətinin “Nümunəvi məktəblər” proqramında
13-04-2021, 12:37
57

Məktəblərimiz “Microsoft” şirkətinin “Nümunəvi məktəblər” proqramında

Azərbaycan məktəbləri “Microsoft” şirkətinin “Nümunəvi məktəblər” (Microsoft Showcase School) proqramında nominant seçiliblər.  

Proqram dünya üzrə təhsilin idarəolunması və tədris prosesinin təşkilində “Microsoft” texnologiyalarından innovativ formada istifadə edən və öz təcrübələrini beynəlxalq təhsil ictimaiyyəti ilə bölüşməyə hazır olan məktəblər üçün nəzərdə tutulub. 

Təhsilin rəqəmsal transformasiyası üzrə qabaqcıl məktəbləri bir araya gətirən bu proqramda ölkəmiz üzrə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Sumqayıt Təfəkkür liseyi, Bakı şəhəri 238 nömrəli, 36 nömrəli və 220 nömrəli tam orta məktəblərin nominantlığı qəbul olunub. Məktəblər təhsildə rəqəmsal liderlik və siyasət, data əsaslı təhsil, gələcək bacarıqların formalaşdırılması, fərdi ehtiyacları dəstəkləyən inklüziv öyrənmə mühitinin olması kimi meyarlara əsasən qiymətləndirilib.  

Proqram çərçivəsində iştirakçı seçiləcək məktəblərə “Microsoft” şirkəti tərəfindən metodiki və təşkilati dəstək göstəriləcək, məktəblər geniş tədris resurslarına və elmi tədqiqatlara çıxış imkanı əldə edəcək, davamlı olaraq keçirilən beynəlxalq tədbirlərdə iştirak edə, digər məktəblərlə ortaq layihələr həyata keçirdə və öz təcrübələrini paylaşa biləcəklər.

Qeyd edək ki, proqramda iştirak Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında imzalanmış “Təhsilin rəqəmsal transformasiyası üzrə niyyət sənədi” çərçivəsində həyata keçirilir. Niyyət sənədinə əsasən, tərəflər arasında ümumtəhsil sahəsində strateji əməkdaşlığın qurulması, həmçinin, Azərbaycanda “Microsoft” təhsil proqramlarının tətbiq olunduğu nümunəvi məktəblərin yaradılması nəzərdə tutulur.
1 0

Oxşar xəbərlər