İşğaldan azad edilmiş ərazilərdə təhsil ocaqlarının bərpası başlıca vəzifələrdəndir
13-04-2021, 22:29
305

İşğaldan azad edilmiş ərazilərdə təhsil ocaqlarının bərpası başlıca vəzifələrdəndir


2020-ci il Azərbaycan tarixində Qələbə ili kimi yadda qaldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu sentyabrın 27- dən başlayan və 44 gün davam edən Vətən müharibəsində 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz təmin olundu, erməni işğalına son qoyuldu. Artıq işğaldan azad edilmiş torpaqlarımızda Prezident İlham Əliyevin dediyi kimi yeni dövr - bərpa, quruculuq dövrü başlayır: “Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad edilmiş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi, kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış ərazilərdə infrastrukturun, mədəni obyektlərin, təhsil ocaqlarının bərpası başlıca vəzifələrdən biridir".

Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində digər sahələrlə yanaşı təhsil infrastrukturuna da ciddi ziyan dəyib. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib. Erməni vandalları işğal etdikləri ərazilərdə bütün təhsil müəssisələrini yerlə yeksan etməklə, Azərbaycan təhsilinə zərbə vurmaq istəyiblər. Lakin dövlətimiz məcburi köçkünlər üçün salınan qəsəbələrdə müasir təhsil ocaqları da inşa etdi. Ötən dövr ərzində məcburi köçkün uşaqlar doğma torpaqlarından kənarda olsalar da, təhsillərini yüksək səviyyədə davam etdirdilər. Köçkün məktəblərini bitirən gənclərimiz respublikamızın və dünyanın müxtəlif ali məktəblərində təhsil alaraq, ixtisaslarına uyğun olaraq ölkəmizin inkişafına töhvə verirlər. 

Artıq işğaldan azad edilmiş ərazilərimizdə bir sıra layihələrin icrasına başlanılıb. Dağıdıcı Ermənistandan fərqli olaraq, Azərbaycan bərpa edən, quran, yaradan dövlətdir.  Azərbaycan ordusunun 2016-cı ilin Aprel zəfərindən sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi də qısa vaxt ərzində yenidən qurulmuş, bütün infrastruktura malik yeni qəsəbə inşa edilmişdi. Cocuq Mərcanlıda olduğu kimi, işğaldan azad eidlmiş bütün kənd, qəsəbə və şəhərlərimiz də yenidən qurulacaq. 

İşğaldan azad edilən Azərbaycan ərazilərində təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Azad edilmiş yaşayış məntəqələri yenidən qurularkən ermənilər tərəfindən dağıdılmış bütün məktəblərimiz də bərpa olunacaq. Yeni tipli müasir təhsil müəssisələri inşa ediləcək. Artıq qardaş Türkiyə Respublikası Şuşada, Özbəkistan Respublikası Ağdamda müasir məktəb binalarının inşa edəcəklərini bəyan ediblər. 

Əminik ki, tezliklə işğaldan azad edilmiş şəhər və kəndlərimizdə genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçiriləcək. 30 ilə yaxın respublikamızın digər ərazilərində fəaliyyət göstərən təhsil ocaqlarımız da fəaliyyətlərini yenidən doğma Qarabağımızda davam etdirəcək. 

   
Bərdə rayon Qazaxlar kənd tam orta məktəbin direktor əvəzləyicisi Zövqiyyə Əsədova
0 0

Oxşar xəbərlər