Distant təhsilin üstünlükləri nədədir? - BŞTİ-nin müdir müavini ilə EKSKLÜZİV MÜSAHİBƏ
14-04-2021, 16:23
76

Distant təhsilin üstünlükləri nədədir? - BŞTİ-nin müdir müavini ilə EKSKLÜZİV MÜSAHİBƏ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə Sonxeber.az-ın suallarını cavablandırıb.
 
-Xəyalə xanım, distant təhsilin təşkili haqqında ümumi məlumat verməyinizi xahiş edirik.
 
-Koronavirus pandemiyası yayıldığı ilk günlərdən gündəlik həyatımızda ciddi dəyişikliklər yaratmağa başladı. Bu dəyişikliklər özünü təhsildə daha çox göstərdi. Bütün dünyada təhsilə, tədrisin təşkilinə yanaşmalar dəyişdi. Çünki uşaqların sağlamlığı ilə yanaşı, təhsili də önəmli məsələlərdən idi, vaxt itirmək olmazdı.
Belə bir zamanda Təhsil Nazirliyi ən doğru addımı ataraq ölkənin ən peşəkar müəllimlərinin təqdimatında "Mədəniyyət" və "ARB Günəş" telekanallarında teledərslər yayımlamağa başladı. Müəllim və şagirdlər ölkənin ən iri milli onlayn platforması olan "Virtual məktəb"də tədrisin keyfiyyətli təşkilini, interaktivliyini və fasiləsizliyini təmin edən imkanlardan faydalanmaq şansı əldə etdilər. Mövcud vəziyyətlə bağlı məktəblərdə fasilə yaransa da, müəllim-şagird ünsiyyəti davam edib və müəllimlər tərəfindən onlayn dərslər keçirilib.
 
Distant təhsillə bağlı olaraq "Virtual məktəb" istifadəçiləri üçün "Microsoft Teams" proqramının Azərbaycan dilində olan versiyası hazırlanıb. Bundan əlavə, 2020-2021-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına və I sinfə qəbul olmuş şagirdlərin "Virtual məktəb"də qeydiyyatdan keçmələri üçün imkan yaradılıb.
 
Təhsil Nazirliyi tərəfindən distant təhsillə bağlı həyata keçirilən digər bir yenilik isə yerli təhsili idarəetmə orqanları üçün tabeliyində olan təhsil müəssisələrinin "Virtual məktəb"də fəaliyyətlərinin təşkilinə nəzarətlə bağlıdır. Belə ki, yerli təhsili idarəetmə qurumlarının rəhbər heyətinə yaradılmış texniki imkanlarla "Virtual məktəb"də təhsil müəssisələri üzrə statistik məlumatlar əldə etmək mümkündür. Yeni nəzarət mexanizmi ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələrində qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları verir.
 
Onu da deyim ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi də "Virtual məktəb"in imkanlarından istifadə edərək vaxtaşırı paytaxt məktəblərində mövcud vəziyyətlə bağlı monitorinqlər aparır.
 
Həmçinin, İdarə tərəfindən "Virtual məktəbdə bir gün layihəsi", "Ən yaxşı elektron dərs müsabiqəsi" həyata keçirilir. Məqsəd mövcud epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün səmərəli vasitə olan distant təhsil üzrə monitorinqlər aparmaq, pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin təşkili vəziyyətini müşahidə etmək və dəyərləndirmək, müəllim və şagirdləri daha da ruhlandırmaqdan ibarətdir.
 

 
-Distant təhsilin nə kimi üstünlüklərini sadalaya bilərik?
 
- Düşünürəm ki, mövcud vəziyyətdə yeganə çıxış yolu distant təhsilə keçid idi. Çünki şagirdlərimizin təhsildən kənar qalmaması üçün başqa alternativ demək olar ki, yox idi. Əvvəldə də qeyd etdiyim kimi, fasiləsiz dərsləri təmin etmək üçün teledərslərdən, virtual məktəbdən, elektron resurslardan istifadə etməklə şagirdlərimizi bu prosesə cəlb edirdik. Hesab edirəm ki, ilkin mərhələdə distant təhsil uğurlu proses idi. Çünki şagirdlər bununla təhsildən kənarda qalmırdılar.
Doğrudur, distant təhsil əyani təhsili tam əvəz edə bilməsə də, məsafədən tədrislə bağlı vəziyyəti qismən qənaətbəxş hesab etmək olar. Texnologiyalardan istifadə, evdə təhsilalma imkanı, tədrisin açıqlığı, iqtisadi səmərə, məsafə, vaxta qənaət, təhsilin kütləviliyi, əhatəliliyi, müstəqil öyrənmə bacarıqlarının inkişafı, əlillərin və xüsusi qayğıya ehtiyacı olan insanların təhsilalma imkanı distant təhsilin əsas üstünlüklərindəndir. Bundan əlavə, müəllimlərimizin İKT-dən istifadə bacarıqları inkişaf edir. Sevindiricidir ki, müəllimlərimiz pandemiyanın ilk günlərindən müxtəlif yollarla şagirdlərə öyrətmə mühiti yaratmaq üçün əllərindən gələni əsirgəmirlər.
 
- Xəyalə xanım, hər kəsi düşündürən digər bir məsələ isə şagirdlərin II yarımil üzrə qiymətləndirilməsi prosesidir. Bu barədə nə deyə bilərsiniz?
 
- Qeyd edim ki, birinci yarımildə məktəbdaxili qiymətləndirmə ilə bağlı Təhsil Nazirliyinin müvafiq əmri oldu. Məktəbdaxili qiymətləndirmə mövcud vəziyyətə uyğunlaşdırıldı və keçirildi.
Məktəbdaxili qiymətləndirmə tədris ilinin sonunda da qaydalara uyğun aparılacaq. Belə ki, əgər mövcud vəziyyət davam edərsə, əyani tədris qısa müddətdə bərpa olunmazsa, bununla bağlı Təhsil Nazirliyinin müvafiq qərarı olacaq. Bu o deməkdir ki, distant təhsildə olan ümumi təhsil müəssisələrində qiymətləndirmə müvafiq qaydada keçiriləcək. Bununla bağlı çətinlik və problem olmayacaq. Buraxılış imtahanları ilə əlaqədar təbii ki, Dövlət İmtahan Mərkəzi qərar verəcək.
 
- Distant təhsilə keçiddən sonra təhsilin əlçatanlığının təmin edilməsi istiqamətində yaradılan "Virtual məktəb" layihəsi ilə bağlı fikirlərinizi bilmək istərdik.
 
- "Virtual məktəb" təhsil üçün yeni perspektivlər açan bir layihədir. Yuxarıda qeyd etdiyim kimi, ötən il bütün dünyada COVID-19 pandemiyası səbəbindən təhsil müəssisələrinin fəaliyyətində fasilələr yarandığı andan Təhsil Nazirliyi tərəfindən ölkəmizdə təhsilin davamlılığını təmin etmək məqsədi ilə təxirəsalınmadan yeni təşəbbüslərin reallaşdırılmasına başlanıldı. Atılan çevik addımlardan biri 2 aprel 2020-ci il tarixində hazırda ölkənin ən iri milli onlayn platforması olan "Virtual məktəb"in fəaliyyətə başlaması oldu.
 
Ümumi təhsil, peşə təhsili, orta-ixtisas və ali təhsil pillələri üzrə təqdim olunan "Virtual məktəb" platforması 1 il ərzində ölkədə innovativ öyrənmə metodlarının və yeni yanaşmaların təhsilə sürətli inteqrasiyasına yol açıb və yeni imkanlar yaradıb. "Microsoft" korporasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən "Virtual məktəb"də hazırda 1,4 milyondan çox şagird qeydiyyatdan keçib. 2020-ci ildə virtual.edu.az saytı "Amazon Alexa" reytinqinə əsasən, Azərbaycanda ən çox müraciət olunan top 3 sayt siyahısına daxil olub. 2021-ci ilin yanvar ayında həftəlik dərslərin sayı 6 milyondan çox olub, aktiv istifadəçilərin sayı 1,2 milyonu keçib.
Təhsil Nazirliyi tərəfindən şagirdlərin distant təhsil imkanlarının artırılması istiqamətində davamlı tədbirlərin hər birimiz şahidiyik. Distant təhsillə bağlı olaraq "Virtual məktəb" istifadəçiləri üçün "Microsoft Teams" proqramının Azərbaycan dilində olan versiyası hazırlanıb. Bundan əlavə, 2020-2021-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına və I sinfə qəbul olmuş şagirdlərin "Virtual məktəb"də qeydiyyatdan keçmələri üçün imkan yaradılıb.
 
"Virtual məktəb"in əhatəsi, milli məzmunu, peşəkar inkişafı, valideyn nəzarəti, Azərbaycan təcrübəsinin beynəlxalq səviyyədə öyrənilməsi, data-əsaslı təhsil modeli və texniki dəstək kimi üstün tərəfləri var.
 
Bu platforma şagirdlərə müəllimlərlə, sinif yoldaşları ilə interaktiv əlaqə qurmaq və müəllimə dərslərlə bağlı suallar vermək, ona aydın olmayan mövzuların izahını almaq kimi bir sıra imkanları təqdim edir. Bundan əlavə, vaxt və zaman fərqi olmadan qeydiyyatdan keçmək mümkündür.
 
- Təhsil işçilərinin vaksiyansiya prosesinin gedişi haqqında da məlumat verməyinizi xahiş edirik. Ümumilikdə təhsil işçilərinin vaksinasiyaya münasibəti necədir?
 
- Koronavirusa qarşı mübarizədə vaksinasiya yeganə etibarlı çıxış yoludur. Bu gün kollektiv immunitet əldə etmək, pandemiyanı dayandırmaq, nəhayət, karantindən çıxmaq və həyatı normal yaşaya bilmək üçün aktiv şəkildə vaksinasiya olunmalıyıq. Bu, hər kəs kimi təhsil işçiləri, xüsusilə də müəllimlərimiz üçün çox vacibdir. Çünki hazırda yoluxma riski ən yüksək olan peşə müəllimlikdir. Müəllimlər əyani tədris zamanı bir-biri ilə, uşaqlarla, valideynlərlə ünsiyyətdə olur. Buna görə də müəllimlər vaksinasiya olunmasa bu zaman məktəb bioloji reaktora çevriləcək ki, bu da epidemiyanın geniş miqyasda yayılmasını dəfələrlə sürətləndirəcək. Buna görə də müəllimlərə özlərinin yoluxma və başqalarını yoluxdurma riskinin qarşısını almaq üçün vaksinasiya olunmaları tövsiyə olunur.
Məlumdur ki, martın 3-dən "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə start verilib. Vaksinasiya prosesinə ilkin olaraq yaşı 50 və daha yuxarı olan şəxslər cəlb olunub. Martın 31-dən isə təhsil işçilərinin vaksinasiyasının ikinci mərhələsinə başlanılıb.
 
Vaksinasiya prosesi Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsində həyata keçirilir. Həmin məntəqələr Binəqədi rayonunda 276, Xətai rayonunda 56, Xəzər rayonunda 26, Suraxanı rayonunda 84, Sabunçu rayonunda 90, Səbail rayonunda 239, Nərimanov rayonunda 258, Nəsimi rayonunda 14, Nizami rayonunda 129, Yasamal rayonunda 158 nömrəli tam orta məktəblərdə yerləşir. Tibb personalı və müraciət edən təhsil işçiləri üçün hər cür şərait yaradılmış peyvənd məntəqələrinin səmərəli fəaliyyəti təmin olunub.
 
Bundan əlavə, təhsil işçilərinin COVID-19 əleyhinə vaksinasiyaya daha aktiv qoşulması üçün #TəhsilÜçünVaksinasiya həştəq kampaniyasına da start verilib. Bütün bunlar ənənəvi tədrisin bərpası üçün həyata keçirilən zəruri tədbirlərin tərkib hissəsidir. Yoluxma sayı azalan anda dərhal ənənəvi təhsilə keçməyin tərəfdarıyıq.
Artıq 5 aprel 2021-ci il tarixindən bütün təhsil işçilərinin yaşından asılı olmayaraq vaksinasiyasına başlanılıb. Sevindirici hal odur ki, yaşından asılı olmayaraq bu prosesə maraq get- gedə daha da artır. Əyani təhsilə gedən yol vaksinasiyadan keçir. Bu prosesi normal şəkildə bitirə bilsək, növbəti tədris ilindən normal həyatımıza qayıdaraq əyani təhsilə başlamaq məsələsini müzakirə edə bilərik. Həm təhsil işçiləri, həm də bütün cəmiyyət bunun üçün əlimizdən gələni etməliyik.
 
Aysel Yusifqızı








0 0

Oxşar xəbərlər