"Canına, qıyma quzum"
17-04-2021, 21:14
163

"Canına, qıyma quzum"

Redaksiyadan: İntiharların sayı artdıqca insanlar arasında narahatlıq da artır. Qabaqdibi tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günel xanım Əliyeva bu problemlə bağlı redaksiyamıza bir yazı göndərib.

Həmin yazını sizə təqdim edirik:   Canına qıymaq istəyən övladlarımızdan valideynlərə və cəmiyyətimizə məktub...  Salam. Mən bir gəncəm. Sağlam düşüncəli, sağlam ruhlu bir gənc. Amma digər gənclərdən biraz fərqliyəm. Fərqliyəm, çünki mən hər hansı bir gənc kimi düşünmürəm. Düşüncələrim bir az fərqlidir. Bir az incə ruhlu, kövrək qəlbli, dərin düşüncəliyəm. Bu həyatda insanların məni anlamadığını düşünürəm. Gözlərinin önündəyəm, amma məni heç kim görmür. Sanki səsimi duyan yoxdur. Bəzən elə zənn edirəm ki, var gücümlə hayqırsam da kimsə səsimi duymayacaq. Çox qəribədir, ətrafımda minlərlə insan var, lakin mən bu qələbəliyin içində özümü çox tənha və kimsəsiz hiss edirəm... Anam... Onu çox sevirəm, amma anam da digərləri kimi məni görmür. Doğrudur, paltarımı yuyur, ütüləyir, yeməyimi hazırlayır, xəstələnəndə dərman verir, qayğıma qalır. Amma görmür. Məni görmür. Gözlərimdəki hayqırtını, içimdəki çırpıntını görmür, səsimdəki titrəyişi duymur. Əlini bircə dəfə ürəyimə qoysa, qarşımda otursa, mənimlə göz-gözə dayansa, əlimi tutsa görəcək, ancaq...

Otursaq, ana-bala söhbət etsək, dərdləşsək, uzun-uzadı danışsaq, mən ürəyimdəkiləri desəm ona, nə qədər gözəl olar. Amma, amma başa düşərmi məni görəsən? Anlayarmı dediklərimi? Ya da heçnə demədən gözlərimdən sezərmi? Ona, o gözəl şəfqətli qadına desəm ki, mən məktəbdə bullinqə məruz qalıram, görəsən soruşarmı məndən bunun nə demək olduğunu? Səbəbini? Desəm ki, mən dava etmədiyim üçün, sakit olduğum üçün, səsimi çıxarmadığım üçün məktəbin qoçuları məni vurur, itələyir, təhqir edirlər. Desəm ki, mən gözəl olduğum üçün mənə pis gözlə baxır, pis sözlər deyirlər. Desəm ki, boyum balaca olduğu üçün lağ edirlər məni, amma mən bunları heç kimə deyə bilmirəm. Desəm ki, qorxuram, çox qorxuram, görəsən mənə acıyarmı? Yoxsa vecinə almaz heç? Əhəmiyyət verməz belə? Yaxud da mənim digər həmyaşıdlarımın vaxtından tez hələ özləri uşaq ikən, zorla ərə verilməsini, bəzilərinin cinsi təzyiqlərlə üzləşdiklərini, bəzilərinin həddən artıq ailə basqısı gördüklərini, bəzilərinin- sən mütləq oxumalısan, deyə yüksək bal toplamağa məcbur edildiklərini və hələ bu cür milyonlarla səbəb və milyonlarla uşaq olduğunu desəm necə??? Yox, yox! Mən bunları ona deyə bilmərəm. Axı mənim anam çox məşğuldur. O, həm də gün ərzində atamla daima mübahisə edir.

Çox zaman anamın ağladığını görürəm gizlicə. O, bütün günü kefsiz, əhvalsız gəzir. Hərdən məni görmədiyinin səbəbini elə bu davalarda görürəm. Siz deyin, bu qədər davanın, səs-küyün içində necə görsünlər məni axı? Bu davaların içində düşündüyüm tək şey, ailəmə yük olduğumdur. Bəlkə də belə deyil, amma mən özümü, belə anlarda evdə artıq, lazımsız və atılası, lakin atılmağa əl gəlməyən əşya kimi görürəm. Çıxış yolunu intihar etməkdə görürəm. Düşünürəm ki, sanki mən bu addımımla məni görməyənlərə, şiddət tətbiq edənlərə ağır bir cəza vermiş olacam. Bəli, ağır bir cəza-vicdan cəzası. Düşünürəm ki, mən olmasam, onlar artıq dava etməyəcək. Mən olmasam hər şey bitəcək. Hər şey-davalar da, göz yaşları da, mənim ömrüm də…  Sizdən xahiş edirəm ki, hərdən bir anlıq durun. Qaçhaqaçı, qovhaqovu, zamanı durdurun. Övladlarınızın gözlərinin içinə baxın, əlini alın, qoyun ürəyinizin üstünə, siz də əlinizi onların sinəsinə qoyun və sadəcə onları hiss edin, duyun. Qoymayın ki, biz sizin davalarınızın, prinsiplərinizin, arzularınızın qurbanı olaq!!!

Günel Fateh
4 0

Oxşar xəbərlər