Azərbaycanda dövlət müstəqilliyi sarsılmazdır, dönməzdir və əbədidir - Aysel Əliyeva yazır
13-05-2021, 18:50
284

Azərbaycanda dövlət müstəqilliyi sarsılmazdır, dönməzdir və əbədidir - Aysel Əliyeva yazır

         Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir. 

Ümummilli liderimizin ölməz ideyaları təkcə enerji siyasətimizi deyil, bütövlükdə Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmişdir və həmin strategiyanın ardıcıl həyata keçirilməsi bu gün də ölkəmizi sürətlə irəli aparır. Vaxtilə onun cəsarət və uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın indiki inkişaf səviyyəsi ancaq xəyal olaraq qala bilərdi. 

Heydər Əliyev Azərbaycanın 1993-cü ildən sonra əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, bu dövrdə cəmiyyətdə aparılmış islahatların məqsədini və mahiyyətini belə izah edirdi: “Bizim əsas məqsədimiz ondan ibarət olubdur ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirək və inkişaf etdirək. Biz bunu etmişik və artıq Azərbaycanda dövlət müstəqilliyi sarsılmazdır, dönməzdir və əbədidir”. 

Heydər Əliyev çox gözəl bilirdi ki, yeni Azərbaycan dövlətinin qurulması və  möhkəmləndirilməsi, keçmiş sosializm sistemi münasibətlərinin yeni münasibətlərlə əvəz edilməsi, müasir dünyanın tələbləri ilə ayaqlaşa bilən bir dövlətin qurulması bütün sahələrdə dərin islahatların aparılmasından, insanların şüurunu tədricən dəyişməkdən asılıdır. Odur ki, ölkənin müharibə şəraitində olmasına baxmayaraq böyük risk və qətiyyətlə həmin islahatların konsepsiyasını hazırlayıb ardıcıl həyata keçirirdi. 

Onların müsbət nəticələri barədə isə xalq qarşısında belə hesabat verirdi: “Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda yeni bir sistem yaranıbdır. Dünya standartlarına  yaxınlaşan, dünya standartlarına çatmağa çalışan hüquqi, demokratik, dünyəvi dövlət yaranıbdır. Budur  bizim nailiyyətimiz... Bu, bütün sahələrdə özünü göstərir. Bizim Konstitusiyamız, qəbul etdiyimiz qanunlar, onların icrası, cəmiyyətə bütün sahələrdə verilən azadlıq, sərbəstlik - bunlar hamısı bizim dövlətçilik anlayışımızın tərkib hissələridir”.Ulu öndər Azərbaycanda sahibkarlığı, bir sözlə, özəl sektoru inkişaf etdirmək üçün ona hər vasitə ilə dəstək verir, bu prosesi sürətləndirmək, bu sahədə yaranan maneələri aradan qaldırmaq üçün bilavasitə yerli və xarici sahibkarların özü ilə vaxtaşırı görüşlər keçirir, hətta elə həmin görüşlər zamanı anket sorğusu vasitəsilə onların rəylərini öyrənirdi. 

Həmin sorğuların  nəticələrini ciddi surətdə araşdıraraq problemlərin aradan qaldırılması üçün qəti tədbirlər görürdü. Hələ sovet dövründə öz prinsipiallığı və neqativ hallarla barışmazlığı ilə tanınmış Heydər Əliyev yaxşı bilirdi ki, sahibkarlığın genişlənməsində, ümumiyyətlə, cəmiyyətin inkişafında ən böyük bəlalardan biri korrupsiya hallarıdır. Buna görə də korrupsiyanın kökünün kəsilməsini, buna imkan yaradan səbəblərin aradan qaldırılmasını, ən başlıcası, bütün sahələrdə şəffaflığın təmin edilməsini ön plana çəkirdi. 

Heydər Əliyev bunu real surətdə həyata keçirmək üçün ilk növbədə hüquqi bazanın və işlək mexanizmlərin yaradılmasını təmin etmişdi, bu mexanizm və strukturların səmərəli fəaliyyət göstərməsinə ciddi nəzarət edirdi. Məhz onun təşəbbüsü ilə yaradılmış Dövlət Neft Fondunun şəffaf fəaliyyəti buna əyani misaldır. Həmin prinsiplərin və ənənələrin bu gün dövlət başçısı İlham Əliyev tərəfindən daha qətiyyətlə davam etdirildiyini heç kəs inkar edə bilməz .

Azərbaycan Prezidenti İlham Əliyev vaxtilə Heydər Əliyevin informasiya və kommunikasiya texnologiyalarının inkişafı sahəsində müəyyən etdiyi strategiyaya uyğun olaraq bu sahəni ən müasir səviyyəyə qaldırmaqla məmur-vətəndaş təmaslarının get-gedə azaldılmasını, bilavasitə əhalini narahat edən belə təmasların elektron formada həyata keçirilməsini təmin edir. Prezident İlham Əliyevin timsalında Ulu Öndərin layiqli davamçısını görür və onun siyasətini qətiyyətlə dəstəkləyir.


 Təsadüfi deyil ki, ömrünün son günlərində, 2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində İlham Əliyevi nəzərdə tutub demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək". Həmin il ölkəmizdə keçirilən Prezident seçkilərində xalqımız birmənalı olaraq Ümummilli Liderimizin həyat və siyasət məktəbinin yetirməsinə səs verdi və İlham Əliyev yekdil səs çoxluğu ilə dövlət başçısı seçildi.

Həmin vaxtdan xalqın, millətin gələcəyi üçün böyük miqyasda işlər görülüb, Azərbaycanda müstəqilliyin dayaqları  möhkəmləndirilib və uzunmüddətli siyasi sabitlik, davamlı iqtisadi inkişaf təmin edilib. Dövlətin iqtisadi uğurları ordu qurucluğunun da inkişaf etdirilməsinə zəmin yaradıb. Azərbaycan Prezidentinin siyasi kursunun ən başlıca istiqamətlərindən biri məhz ordunun hərbi qüdrətinin artırılmasıdır.

 
 Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.

Məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, bizim ordu regionun ən qüdrətli ordusudur və qarşısında dayanan tarixi vəzifəni - torpaqlarımızın ərazi bütövlüyünü bərpa etdi.

44 günlük Vətən müharibəsi Azərbaycanın həm hərb meydanında, həm də diplomatiya sayəsində Ermənistanın diz çökməsi ilə yadda qaldı.  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti Azərbaycanı qalib etməklə dünyada və regiondakı mövqelərini bir daha möhkəmləndirdi.

 

 Aysel Əliyeva
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Müəlliməsi 

1 0

Oxşar xəbərlər