Düz Qırıqlı kənd 1 saylı orta məktəbi Tovuzun nümunəvi təhsil ocaqlarındandır
22-05-2021, 10:50
773

Düz Qırıqlı kənd 1 saylı orta məktəbi Tovuzun nümunəvi təhsil ocaqlarındandır

Tovuz rayon Düz Qırıqlı kənd 1 saylı orta məktəbi rayonunun ən yaxşı təlim-tərbiyə ocaqları sırasında çəkilir. Əsası 1979-cu ildə qoyulmuş bu məktəbi hər il onlarla şagird bitirərək öz təhsillərini respublikamızda  və onun hüdudlarından kənarda uğurla davam etdirir.

Məktəbin direktoru Xasıyeva Xatire Zakir qızı əməkdaşımızla söhbət zamanı bunları bildirdi:
"Hazırda məktəbimizdə 1176 nəfər şagird təhsil alır ki, onların da təlim və tərbiyəsi ilə 118 müəllim məşğul olur. Hər il məktəbimizin şagirdləri rayon və respublika olimpiadalarında iştirak edirlər. Ötən tədris ilində məktəbimizin 25 mazunu Respublikamızın müxtəlif ali məktəblərinə, 3 məzun isə hərbi məktəbə qəbul oldu. Bu gün Düz Qırıqlı kənd 1 saylı müasir təlim metodları ilə işləyən  kənd orta məktəbinin pedaqoji kollektivi Milli Təhsil Konsepsiyasını rəhbər tutaraq təlimin keyfiyyətini daha da yüksəltməyə çalışır. Kurikulumla əlaqədar məktəbimizin müəllimləri tez-tez müxtəlif kurslarda iştirak edirlər. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinə məktəbimizin pedaqoji kollektivi daha geniş yer ayırır. Sevinclə deyə bilərəm ki, məktəbimizdə siniflər arasında keçirilən bilik yarışları, fənn gecələri, disputlar, interaktiv təlim metodlarından istifadə, habelə tədris disklərinin nümayişi ümumilikdə təlimin keyfiyyətinin artmasına təsir göstərən amillərdəndir.

Məktəbimizdə təlim-tərbiyə işinə, intizam məsələlərinə gündəlik diqqət yetirilir, müəllimlərlə, şagirdlərlə və valideyn assosiasiyası ilə mütəmadi əlaqə saxlanılır.

Məktəbimizin qabaqçıl müəllimi olan Məmmədov Mehman Rəşid oğlu və Məmmədova Aişə İsrail qızı müasir tədris proqramlarını mənimsəyən və tədrisdə fərqlənən pedaqoqlardandir. Bundan başqa  məktəbimizdə dərslərində müasir təlim metodlarından istifadə edən yenilikçi gənc müəllimlərimiz çoxdur.

Son vaxtlar məktəbimizdə yaranmış yaxşı bir ənənəni də sevinclə qeyd etmək istərdim. Belə ki, məktəbimizin sinif otaqları, fənn kabinetləri müəllimlərimizin və şagirdlərin yaxından köməyi ilə əyani vəsaitlərlə zənginləşdirilir. Ayrı-ayrı fənlər üzrə keçirilən "açıq dərs"lərin geniş müzakirəsi qabaqcıl iş təcrübəsinin öyrənilməsinə və yayılmasına xidmət edir. Bu gün məktəbimizdə oxuyan şagirdlərin vətənpərvərlik, Vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində də mühüm işlər aparılır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsi ilə şagirdlərimizi tanış etmək istiqamətində də müəyyən işlər görülmüş və tədbirlər hazırlanıb həyata keçirilmişdir. Son iki ildə şagirdlərlə "Heydər Əliyev yeni Azərbaycan dövlətinin qurucusu kimi", "Heydər Əliyev tarixi şəxsiyyət kimi", "Heydər Əliyevin yeni Azərbaycanın inkişafında rolu", "Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin ömür yolu gənclərimizə örnəkdir" və s. mövzularda söhbətlər aparılmışdır.

Bu gün Tovuz rayonunun nümunəvi məktəblərindən sayılan Düz Qırıqlı kənd 1 saylı orta məktəbinin pedaqoji kollektivi öz işini müasir tələblər səviyyəsində qurmağa çalışır. Bunun üçün  biz həm valideynlərlə, həm də ictimaiyyətlə sıx əlaqə saxlayırıq."
Düz Qırıqlı kənd 1 saylı orta məktəbinin müəllim və şagird kollektivinə yeni-yeni uğurlar arzu edirik.

Xumar İlhamqızı












7 0

Oxşar xəbərlər